“Sumqayıt” Futbol Klubu prezidenti Riad Rəfiyev jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovla bağlı uzun müddət davam edən məhkəmə prosesində qismən qələbə əldə edib.
Offsideplus.az xəbər verir ki, məlumata görə, Rəfiyev jurnalistlərin yayımladığı, əsassız və qərəzli məlumatlara görə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə iddianın qismən təmin edilməsi qərarını verib.
Qərara əsasən:
- “Sports.Az” saytının təsisçisi Anar Şabanoğlu və “Matc.az” saytının baş redaktoru İxtiyar Əsgərov tərəfindən yayılan məlumatların həqiqətə uyğun olmadığı açıqlanmalı və təkzib mətni həm saytlarında, həm də şəxsi “Facebook” hesablarında dərc edilməlidir.
- Sözügedən məlumatlar həmin sayt və sosial media hesablarından silinməlidir.
- Cavabdehlər mənəvi zərərin əvəzini olaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 2000 manat təzminatı Riad Rəfiyevin xeyriyyə məqsədilə YAŞAT Fonduna yönəldilməsi üçün ödəməlidirlər.
“Sumqayıt” FK bildirib ki, məhkəmə qərarının icrası aidiyyəti orqanlar tərəfindən izlənəcək və Mətbuat Şurası ilə Mediaya Dəstək Dövlət Agentliyi (MEDİA) tərəfindən də nəzarətdə saxlanacaq.



