"Turan Tovuz"un hücumçusu Joarlem Batişta Santos "Sumqayıt"a qarşı səfər oyunundan (0:3) sonra Offsideplus.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
— Bizim üçün çox vacib oyun idi. Gözəl matç oldu. Ritmi qoruya bildik, oyunu bununla qazandıq. Qələbəyə layiq idik.
— Çempionatda yenidən birinci yerdəsiniz. Liderliyi qoruya biləcəksiniz?
— Bu barədə danışmaq hələ ki, tezdir. Önəmli olan hər oyunda qalib gəlməkdir. Oyundan-oyuna yerimizi qorumağa çalışacağıq.
— Avrokuboklara gedən yolda hər şey planlara uyğun gedir?
— Biz bunun üzərində çox çalışırıq və ümid edirəm ki, gerçəkləşəcək. Çox istəyirik ki, bu gerçəkləşsin.
— "Qarabağ"ın Çempionlar Liqasında uğurlu çıxışı sizi də həvəsləndirirmi?
— Biz gələn oyun onlara qarşı oynayacağıq. Ümid edirik ki, biz də öz səviyyəmizi göstərə bilərik. "Qarabağ"ın səviyyəli komanda olduğunu hamımız çox gözəl bilirik.
— Yaxın zamanlarda yəqin ki, rəqibləri artıq Tovuzda qəbul edə biləcəksiniz. Azarkeşlərə sözünüz nədir?
— Azarkeşlərimizin bizim qələbələrimizi qeyd etməsi çox vacibdir. Səbirsizliklə gözləyirik ki, Tovuzda oynayaq.
— Ötən oyunda da, bu matçda da qol vurdunuz. "Qarabağ"la oyunda da fərqlənəcəksiniz?
— Hər oyunda gözləyirəm ki, qol olsun.



