Misli Premyer Liqasının VII turunda "Qarabağ" 1:0 hesabı ilə "Kəpəz"ə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib:
“Azər Bağırova uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Oyunun keyfiyyəti aşağı idi. Matç tez-tez dayandığı üçün temp də yüksək deyildi. Daha istəkli olmaq lazım idi. Futbolçular sonadək çalışdılar ki, qalibiyyət üçün hər şey etsinlər. Bu üç xal çox vacib idi. Daha sürətli oynamağa ehtiyac var. Avropadakı oyunlarla bu matçlardakı sürətdə çox fərq var. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.



