Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qarabağ” “Azersun Arena”da “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bölüşüb:

“Futbolçularımı təbrik edirəm. Rəqib komandanın çalışdırıcısı Kaxaber Tsxadadzeyə təşəkkür düşür. Çox intizamlı çıxış etdilər, 90 dəqiqə 10 nəfərlə mübarizə apardılar, müdafiədə bərk dayandılar və təhlükəli əks-hücumlar da qurdular. Belə oyunlar bizə də ciddi dərs olur. Qaxaberi Tsxadadzeyə və komandasına uğurlar arzulayıram. Öz komandama gəldikdə, vacib qələbə qazandıq. Oyun bir qədər düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı müdafiə olunan rəqib var idi. Qolu düşünülmüş hücum nəticəsində vurduq, amma ümumilikdə daha çox şey etməliydik. Bəlkə də rəqib erkən qırmızı vərəqə alandan sonra futbolçularımızda bir az arxayınlıq yarandı. Azarkeşlərimizə də təşəkkür edirəm”.

Hakimin erkən qırmızı vərəqəsi ilə bağlı suala cavabında Qurbanov bunları deyib:
“Düzü, düşündüm ki, olmasaydı, bəlkə daha yaxşı olardı. 11-11 oynasaq, nəticənin necə bitəcəyini demək olmazdı. Belə qərarlar bəzən hər iki komandanın oyun planını poza bilir. Amma bu cür hallar gələcək üçün də faydalıdır”.

“Kopenhagen”lə qarşıdakı oyun barədə isə Qurban Qurbanov bildirib ki, komandada hər matç önəmlidir:
“Biz çempionatda hər oyuna ciddi yanaşırıq. “Kopenhagen”lə matçı düşünmürdük. Sadəcə heyətdə bəzi dəyişikliklər oldu. Çempionlar Liqası tam fərqli turnirdir, rəqiblər və oyun üslubu başqadır. Bu oyunda futbolçuların fiziki hazırlığında bir az balans çatışmırdı, amma “Kopenhagen” qarşısında səviyyə daha yüksək olmalıdır”.

Baş məşqçi həmçinin “Qəbələ”nin gənc futbolçusu Şahin Şahniyarov haqda da danışıb:
“Onun əsas heyətdə çıxış etməsi çox sevindiricidir. Çətin mövqedə oynayır və məşqçisi ona güvənir. Bu da potensialından xəbər verir. Belə oyunçular daim diqqətimizdədir”.

Nəriman Axundzadənin “Kopenhagen”lə oyunda şans qazanacağı barədə suala isə Qurbanov “bəli, ehtimal var” deyə cavab verib.

Yeni transfer Ramil Şeydayevlə bağlı isə təcrübəli mütəxəssis qeyd edib ki, o hələ tam hazır deyil:
“Faizlə müqayisə etmək düzgün olmaz, amma əvvəlki performansından uzaqdır. Fiziki gücü həmişə üstün cəhəti olub. Uzun müddət oynamadığı üçün oyun təcrübəsinə ehtiyac duyur. Zamanla bizə çox kömək edəcək. Bir az əvvəl transfer olsaydı, Çempionlar Liqasının iştirak ərizəsinə də düşə bilərdi”.