"Fikirləşirik ki, yaxşı durumda Misli Premyer Liqasına başlayacağıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov söyləyib. O, 2025-26 mövsümünə hazırlıqları dəyərləndirib, komandanın hədəflərini açıqlayıb:
"Vəziyyətimiz yaxşıdır. Hazırlıqlarımız yüksək səviyyədə keçib. Düzdür, yoldaşlıq oyunları başqadır, çempionat oyunları başqa. "Neftçi"nin adı hədəfdir. Biz adımıza görə oynayacağıq. İnşallah, bu minvalla getsək, bu həvəslə oynasaq, istədiyimizə ilin sonunda çatacağıq".
S.Abasov yeni transferlərdən bəhs edib:
"Qarşısına hədəf qoyulan bütün komandalarımızı analiz etsək, problem yaşaya biləcək komanda bizik ki, həddindən artıq heyət dəyişikliyi baş verdi. Demək olar, bütün komandanı dəyişdik, 2-3 nəfər qaldı. Bu da təsirsiz ötüşməyəcək. Bu, transferlərlə bağlıdır. Kimsə daha tez uyğunlaşa, digərində uzana, başqasında ümumiyyətlə adaptasiya prosesi alınmaya bilər. Biz buna görə risk zonasındayıq. Lakin düşünürəm ki, götürdüyümüz futbolçular yaxşı keyfiyyəti və səviyyəsi olan oyunçulardır. İnşallah gücümüzə güc qatarlar və xeyrini görərik".
"Şamaxı", "Karvan" və "İmişli"nin ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsinə mütəxəssis reaksiya verib:
"Bu məqam məni həddindən artıq narahat edir. İkinci oyunda biz artıq Şamaxıya gedirik. Əlimizdə olan süni örtüklü meydançalar ideal vəziyyətdə deyil, deyərdim ki, katastrofik durumdadır. Təcrübə göstərib ki, ora gedib, gələndən sonra 2-3 futbolçu sıradan çıxır. Qorxuruq, amma edə biləcəyimiz bir şey yoxdur. Bunu da geridə qoyub, oynayacağıq".
Samir Abasov qapı xəttində rəqabətin olacağını bildirib:
"Qapı xəttində yaxşı rəqabət yarada bilmişik. Emil Balayev təcrübəli oyunçumuzdur, milli komandanın neçə illərdir ki, oyunçusu olub. Həmçinin bu gün yığmamızın qapıçısı olan Rza Cəfərov və yeni legionerimiz Kenan Piriç var. Yeni qapıçımız daim əsas heyət oyunçusu olub. İstəyimiz qapıda rəqabət yaratmaqdır ki, buna nail olmuşuq. Lakin, qapıda mütəmadi olaraq kimin dayanacağını çempionat göstərəcək".



