Misli Premyer Liqasının başa çatmasının ardından transfer çalışmalarına start verən “Neftçi” yay fasiləsində ilk keçidini reallaşdırmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, “Ağ-qaralar” “Araz-Naxçıvan” klubunun müdafiəçisi İqor Ribeyro ilə razılığa gəlib.

Futbolçunun çıxışı hələ mövsümün gedişatında ölkənin aparıcı klublarının diqqətini cəlb etmişdi. Məlumata görə, həm “Qarabağ”, həm də “Neftçi” Ribeyro ilə erkən mərhələdə maraqlanmağa başlamışdı. Görünən odur ki, “ağ-qaralar” bu transfer yarışında qalib gəlib.

Tərəflər arasında əldə olunan anlaşmaya əsasən, “Neftçi” 28 yaşlı braziliyalı stoperin keçidi üçün “Araz-Naxçıvan” klubuna müəyyən məbləğ ödəyəcək. Əgər son anda hər hansı problem yaranmasa, Ribeyro ilə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, İqor Ribeyro 2023-cü ilin yayından “Araz-Naxçıvan”ın heyətində çıxış edir. Onun Naxçıvan klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. 2024/2025 mövsümündə 37 matçda meydana çıxan mərkəz müdafiəçisi 1 məhsuldar ötürmə ilə yadda qalıb.