"Bu mövsüm bərbad keçdi. Dilimiz qısadır. Azarkeşin qabağında rahat oturub danışmaq üçün biz öz oyunumuzu, nəticələri yaxşılaşdırmalıyıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının sonuncu turunda "Sabah"a 0:1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli çalışdırıcı növbəti mövsümlə bağlı seleksiya işlərinə başladıqlarını bildirib: "Buna çoxdan start vermişik. Yaxşı yol seçmişik. Seleksiyada diqqətli olmağa çalışırıq. Çünki son illərdə seleksiya ilə bağlı problemlər yaşamışıq. Bizi çətin period gözləyir. Düşünürəm ki, indiyəcdək seçim zamanı yaxşı iş görmüşük. Ümid edirəm ki, bu, nəticələrdə də öz əksini tapacaq".
Komandaya hansı futbolçuların transfer ediləcəyini açıqlamayan S.Abasov azarkeşləri sevindirmək istədiklərini gizlətməyib: "Hazırda hansı mövqelərdə seçim aparıldığını deməyəcəyəm. İşlərimiz davam edir. "Neftçi" adı bizim istəklərimizi üstələyir. Azarkeşin istəyi avrokuboklardır. Biz avrokuboklarda oynaya-oynaya işlər görməliyik".
Qeyd edək ki, "Sabah"a məğlub olan "Neftçi" Premyer Liqada 6-cı yeri tutub.



