Misli Premyer Liqasında bu gün son matçını keçirən "Səbail" 8 il sonra Azərbaycan çempionatını tərk edir.
Bu illər ərzində çempionatımızda oyunlarında ən az azarkeş dəstəyi görən komanda kimi yadda qalan "Səbail" növbəti sezon I Liqada mübarizə aparacaq. Bayıl təmsilçisi uzun illər onun üzünə açılmış qapıdan bu gün çıxır. Bu dəfə müxtəlif məşqçi və futbolçu heyəti çempionatda qalmaq uğrunda mübarizə apardı, xarakter göstərərək simpatiya qazanmağı bacardılar. Bir sözlə, cari mövsüm fərqli əllər uzandı ki, komandanı xilas etsin. Lakin "böyük əl" əl uzatmırsa...
"Səbail"in oyunlarının səssiz keçdiyini söyləyib, "Neftçi" ilə oyunda "neft içən", "Zirə"ni pomidor yeyərək qorxudan barmaqla sayılacaq azarkeşlərini unutmaq olmaz. Bilmək olmaz, bəlkə I Liqada mübarizə aparacağı dövrdə Bayıl klubunun tərəfdarlarının sayı artar, Premyer Liqaya qayıdacaqları halda bütün futbol ictimaiyyətinə şok yaşadarlar.
Bu klubun ölkə futboluna heç bir maraq qatmadığını demək doğru olmazdı. Axı bu, "Çelsi"nin gülərüzlü əfsanəsi Maykl Essyeni transfer edib, Azərbaycanla yanaşı, dünyaya da səs salan klubdur. Baxmayaraq ki, o vaxt 36 yaşı olan qanalı ulduzun futbolumuz üçün bir xeyri olmadı, lakin sonrakı illərdə və xüsusilə müharibə dönəmində ölkəmizi unutmayaraq, dəstəyini nümayiş etdirdi.
Çempionatımızda ən yaxşı göstəricisi 2018-19 mövsümündə 3-cü yer olan "dənizçilər" 2020-21, 2021-22 illərdə liqanı sonuncu yerdə başa vursalar da, çempionatı tərk etməmişdilər. İdman prinsiplərinin bu komandanın lehinə pozulması yerli futbolsevərlərdə o vaxtdan ikrah hissi oyatmışdı. Elə buna görə də klubun I Liqaya yuvarlanması ilə dağılacağı barədə söyləntilərin sevinclə qarşılanması halı az deyil.
2016-cı ildə "Səbail"ə "ol" dedilər, və oldu. Bundan 9 il sonra varlığını sürdürüb-sürdürməyəcəyi I Liqada dişi-dırnağı ilə mübarizə aparan klublarla duellərdən sonra bəlli olacaq. Layiqdirsə, qayıdacaq. Layiq olmasa, 9 il əvvəl yaradılıb, unudulması heç 9 saat da çəkməyəcək klublardan biri olacaq.