Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində keçirilən “Səbail” – “Zirə” (0:1) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Elvin Məmmədov matçla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, məğlubiyyətə baxmayaraq, komandasının mübarizliyindən razı qaldığını bildirən gənc mütəxəssis bunları deyib:

Bilirdik ki, bizi ağır oyun gözləyir. Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik. Amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtliyi bizdən yan keçdi”.

Baş məşqçi rəhbərliyə inam göstərdiyinə görə təşəkkür edib gələcək planlardan danışıb:

Şansı mənə verdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Əlimizdən gəldisə, etməyə çalışdıq. Mənim adım var. Bu barədə rəhbərliklə danışmamışıq. Çünki ümidimiz var idi. Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif olarsa, niyə olmasın?”

Gənc məşqçi olaraq üzərinə düşən məsuliyyəti qəbul etdiyini bu yolda irəliləmək istədiyini deyən Məmmədov əlavə edib:

Biz mental cəhətdən dəyişməliyik. O qədər gənc məşqçilər var. Niyə olmasın? Futbolda eniş var, yüksəliş də. Niyə qayıtmaq olmasın? Niyə travma olsun? Çox yaxşı şeylər oldu. Səhvlərim var, düzgün etdiyim şeylər də. İşə yeni başlamışıq, hədəfimiz var. Gənclərə güvənməmək düşüncəsini dəyişməliyik. Niyə gənclərə güvənməyək? Bəlkə kimsə özünü sübut edəcək? Bu gün xoşbəxtəm, B kateqoriyam ola-ola ağır yükü mənə verdilər. Hamımız çalışdıq. Yaxşı şeylər var idi”.

Sonda klub rəhbərliyinin ona inam göstərməsinin vacibliyini vurğulayan baş məşqçi bildirib:

Rəhbərliyimiz mənə güvənib. Hər bir klub belə etsə, gözəl. O qədər örnəklər var ki. Gələcəyi fikirləşməliyik”.

Öz fəaliyyəti ilə bağlı verdiyi qərarlara da toxunan Məmmədov fikrini belə tamamlayıb:

Bu sualı mənə çox verdilər. Mən özüm haqda böyük-böyük danışmaq istəmirəm. Zaman keçib. Bəlkə mən olsaydım, bundan da betər olardı. Ya da daha yaxşı şeylər olardı”.