Bu gün Misli Premyer Liqasının XXXII turunda “Sumqayıt” “Neftçi”ni qəbul edib.

Offsideplus.az xəbər verir ki, matç 2:2 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib. O, görüşlə bağlı bunları qeyd edib:

“Birinci hissədə plan üzrə gedirdik. Oyuna daim nəzarət etmək istəyirik. Son vaxtlar bir çox oyunlarda hakimlərin idarəçiliyi həddindən artıq böyük problemə çevrilib. Ağadadaş Salyanskinin qolu düşünürəm təmiz idi. Təmiz qolumuz sayılmadı deyə bilərəm. Bizdə olan görüntülərə əsasən bunu deyirəm. Bəlkə də, ofsayd var idi. Mən sadəcə bizdə olan kadrlara görə danışıram. Oyunçulara nə deyə bilərəm? 2:0-dan geridönüş etdik”.

Təcrübəli mütəxəssis təslim olmayacaqlarını bildirib:

“Heç kimin aqibəti bilinmir. Heç kim bilmir 3 oyun sonra nə olacaq. Təslim olmaq olmaz. Peşəkarlığa uyğun deyil bu. Oyuna köklənmək çətin olur. Dərs çıxarmalıyıq. Biz problemlərimizi bilirik. İnşallah çalışacayıq ki, bu problemləri aradan götürək və daha yaxşı olaq”.

O, gələcəyi planladıqlarını da əlavə edib:

“Bütün gün biz gələcəyin planları üzərində işləyirik. Planımız gələcəklə bağlıdır. Heyət quranda, dəyişikliklər edəndə çətinliklər çəkirik. Zədəlilər çoxdur. Mən bura gələndə ilk məşqdən sonra artıq 2 oyunçu vaxt istədi. Çətinlik çəkirik bu baxımdan.

"Neftçi"yə gələndə problemlərin bu qədər olacağınız bilirdiniz sualına isə S. Abasov belə cavab verib:

Biz bilirik hara gəlmişik. Bizi nələrin gözlədiyini bilirdik. İstəyimiz daha yaxşı olmaq idi. İşimizi daha da yaxşılaşdırmağa doğru gedirik”.