AFFA Misli Premyer Liqasının 2025/26 mövsümündə klublar üçün maliyyə meyarlarını dəyişəcək.

Offsideplus.az xəbər verir ki, bu fikir AFFA-nın inzibati binasında Klubların Lisenziyalaşdırılması Departamenti rəhbərliyinin Premyer Liqa klublarının maliyyə menecerlərinə bu gün təşkil etdiyi seminarda səsləndirilib.

Tədbir zamanı UEFA-nın İT Tool proqramına maliyyə məlumatlarının daxil edilməsi qaydaları izah olunub. Klubların maliyyə dayanıqlığı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə Qaydaları müzakirə edilib. Növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklər haqda seminar iştirakçılarına məlumat verilib.

Seminarın sonunda klub nümayəndələri 2024-cü maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.