Misli Premyer Liqasının XXX turunda “Neftçi” “Zirə” ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Samir Abasov 4:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında iştirak edib. O, oyunu belə şərh edib:

“Biz problemlərimizi bilirik. Birdən-birə bunları aradan qaldırmaq olmur. Bu oyunda da yaxşı epizodlarımız oldu. Bizə qarşı əks olan müəyyən nüanslar var. Hələ ki, bunu həll edə bilmirik. Buna görə də başqa üsullara əl atırıq. Hazırda hər cəhətdən uduzuruq. Gizlədəcək bir şey yoxdur. Motivasiyamız – kubokdur. Ora başqa motivasiya ilə çıxmalıyıq. Elə məqamlar var ki, onları açıq demək olmur. Bütün heyət oturub analiz aparırıq və problemin nə olduğunu görürük. Sadəcə, bu mövsüm bu problemləri aradan qaldırmaq çox çətindir. Vacib bir oyuna çıxacağıq. İnşallah, ordan yaxşı nəticə ilə ayrılacağıq. Rəşad Sadıqova təşəkkür edirəm. Bütün həmkarlarımla münasibətim yaxşıdır. Futbolumuzda çox nadir hallarda öz duruşunu qoruyan insanlar olur. Sağ olsun Rəşad, inşallah daha yaxşı yerlərdə çalışar”.

Mütəxəssis aprelin 23-də "Sabah"a qarşı Azərbaycan Kuboku yarımfinalının cavab oyunu barədə danışıb:

“Kubokda qələbəyə inanırıq. “Sabah” da kuboku son şans kimi görür. Mən inanıram və komandamı da inandırmağa çalışıram”.

S.Abasov "Neftçi"də işləməyin çətin olduğunu bildirib:

“Əgər inkişaf etmək istəyiriksə, özümüzü analiz etməliyik. Daim analiz edirik. Əlbəttə, məğlubiyyətlərdə baş məşqçinin günahı var. Bu komandanın baş məşqçisi mənəmsə, deməli, mənim dönəmimdə baş verənlərə görə məsuliyyət daşıyıram. Biz bura gələndə nə qədər ağır bir yükün altına girdiyimizi bilirdik. Səhvlərimizdən nəticə çıxarmalıyıq. “Neftçi”də işləmək daha çətindir. Burada hər oyunun sonu qələbə olmalıdır. Artıq bu, mənim ikinci dönəmimdir və hər şeyə alışmışam. “Sumqayıt”da yaxşı işlər gördük – 2-ci yerdən cəmi 1 xal geri qalırdıq. “Neftçi”də isə hələ iddialı heyətdən söhbət gedə bilməz”.