Misli Premyer Liqasının XXX turunda  “Zirə” "Neftçi" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, “qartallar"ın baş məşqçisi Rəşad Sadıqov 4:2 hesabı ilə qələbə qazandıqdan sonra mətbuat konfransında iştirak edib. O, oyunu belə şərh edib:

"Bizim üçün çətin oyun idi. Rəqib iki təhlükəli vəziyyət yaratdı və hər ikisi qolla nəticələndi. İkinci hissəyə yaxşı başladıq. Qələbəyə görə sevincliyik. Məğlub da ola bilərdik. İndi növbəti oyuna – “Sumqayıt”la vacib qarşılaşmaya köklənəcəyik”.

“Artıq sosial mediadan uzaqlaşmışam, yaxından maraqlanmıram. Ola bilər ki, məndən gözləntilər çoxdur. Üçüncü yerdən 6 xal irəlidəyik, amma hələ heç nə bitməyib. Mən Konfrans Liqasının nə vaxt keçiriləcəyini belə bilmirəm. Sadəcə növbəti oyunu düşünürəm”.

"Mən heç vaxt özümdən razı olmamışam. Düşünəcəyəm ki, nəyi düz etmədik. Samir Abasovun gəlişindən sonra “Neftçi”də etibarlı müdafiə formalaşıb. Geri dönüş etmək çətin idi. Yenə də düşünəcəyəm ki, niyə erkən qollar buraxdıq. Səhvlərimizə baxacağıq və çalışacağıq ki, belə səhvlərə yol verməyək”.

"2:0 geriyə düşdükdən sonra da yaxşı oynamırdıq. Sonradan penalti qazandıq və fasiləyə bir fərqlə getdik. Rəqibin çox itkiləri var idi, bunu bilirdik. Bu oyunda bizim ehtiyat qüvvəmiz rəqibdən daha yaxşı idi. Ötən oyunda Samir Abasovun əlində yaxşı ehtiyat qüvvə var idi və o qarşılaşmada qalib gəlmişdilər. Ola bilər, bu dəfə də ehtiyat qüvvə amili rol oynadı”.