Misli Premyer Liqasının XXIX turunda "Zirə"ni məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir, 52 yaşlı mütəxəssis 1:0 hesablı oyunu şərh edib, rəqib komandanın çalışdırıcısı Rəşad Sadıqovu tərifləyib.

"Rəşadı təbrik etmək istəyirəm. Get-gedə daha mübariz bir komanda yaradır. Çox ağıllı, düzgün müdafiə qurmuşdu. "Zirə"yə uğurlar arzulayıram. Azarkeşlərə təşəkkür edirəm. Çempionatda 15 xallıq fərq ciddi rəqəmdir. Bəlkə də bu oyunlardan hiss olunur ki, arxayınlıq var. Çox da futbolçuların üzərlərinə getmirəm. Psixoloji yorğunluq olur, bəzən futboldan doyurlar. Bəzən belə oyunlarda onların bu cür oynaması mənim gələcək planlarım üçün daha faydalı olar. Mən özüm bir məşqçi kimi çalışıram ki, vəziyyəti toparlayım. Özüm də bəzən yorğun oluram. Biz bütün oyunlara yenə qələbə üçün çıxacağıq".

Q.Qurbanov Yassin Benzianın performansını dəyərləndirib:

"Benzianın oyunundan razıyam. Onun oyunu oxumasından, oyunu idarə etməsindən məmnunam. Ola bilər ki, bu gün yorğun idi, bəzi top itkiləri oldu. Sadəcə onda yox başqalarında da var idi. Kadi isə özü çıxdı meydandan, qarşıdakı günlərdə durumu bilinəcək".