Misli Premyer Liqasının XXIX turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:
"Rəqib komandanı təbrik edirəm. "Qarabağ"la oyun heç vaxt asan olmur. Onlar bu gün əsas heyətlə oyuna çıxmışdılar. Oyunçularım yaxşı mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansındasa alınmırdı. Yenə duran topdan fərqləndilər. Bunun qarşısını ala bilmirik. Son oyunlardakı əsas problemimiz budur. Bərabərliyə layiq idik. Amma sonda belə oldu".
R.Sadıqov Qismət Alıyevin oyunun son dəqiqələrində 11 metrlik cərimə zərbəsini vura bilməməsi barədə danışıb:
"Penaltini kim qaçırmır ki?! Özüm də qaçırmışam. Usta futbolçular da vura bilmir. Penaltidən başqa da yaxşı epizodlarımız oldu. Lakin oyunçularımız fərqlənə bilmədi. Oyunu yalnız penalti epizoduna bağlamazdım. Mənə görə penaltinin məşqi yoxdur. Gərək oyunçu təzyiq altında olsun ki, üstəsindən gələ bilsin. Əslində zərbəni yaxşı yerinə yetirmişdi, amma alınmadı. Qismət yaxşı penaltiçidir, lakin bu gün belə alındı".
Təcrübəli mütəxəssis yeni transfer Rikardo Martins Gimaraynş və Yusuf Lavalın son durumu barədə açıqlama verib:
"Hazır olduqda komandanın oyunlarına qoşulacaq. Gələcəyə yönəlmiş bir tansferdi. Lavala gəldikdə isə müalicəsi gedir. Nə vaxta hazır olacaq dəqiq bilinmir".