"Səbail" klubunun rəhbərliyi Misli Premyer Liqasının 2024/25 mövsümündə ikinci dəfə baş məşqçini istefaya göndərməklə antirekord müəyyənləşdirb.
Offsideplus.az xəbər verir ki, cari mövsüm Azərbaycan çempionatında heç bir klub 2 dəfə baş məşqçisini dəyişməyib.
Premyer Liqa iştirakçılarının yarısı - "Qarabağ", "Zirə", "Araz-Naxçıvan", "Turan-Tovuz" və "Şamaxı" arxada qalan 27 tura eyni çalışdırıcıların rəhbərliyi altında çıxıblar.
Dörd klubun hərəsində 1 dəfə baş məşqçi ilə yollar ayrılıb. Söhbət "Sabah", "Neftçi", "Sumqayı" və "Kəpəz"dən gedir.
Yarışın autsayderi "Səbail" isə bu baxımdan hamını qabaqlayıb. Cavid Hüseynovun işindən uzaqlaşdırılması çempionatda 6-cı, 2025-ci ildə isə 1-ci istefa olub.
2024/25 mövsümündə Misli Premyer Liqasında işindən azad olunan baş məşqçilər:
1) 29 avqust 2024-cü il. Adil Şükürov, "Kəpəz" (onun yerinə Azər Cabbarov təyin olunub)
2) 7 oktyabr 2024-cü il. Roman Qriqorçuk, "Neftçi" (yeni baş məşqçi Samir Abasov olub)
3) 14 oktyabr 2024-cü il. Samir Abasov, "Sumqayıt" ("Neftçi"yə görə "Sumqayıt"dan ayrılan çalışdırıcı elə həmin gün yeni işinə qovuşub. Onu "Sumqayıt"da Vaqif Cavadov əvəzləyib)
4) 3 noyabr 2024-cü il, Şahin Diniyev, "Səbail" (boş qalmış baş məşqçi postunu Cavid Hüseynov tutub)
5) 25 noyabr 2024-cü il. Krunoslav Renduliç, "Sabah" (onun əvəzinə Vasili Berezutski gətirilib)
6) 16 mart 2025-ci il. Cavid Hüseynov, "Səbail"