Misli Premyer Liqasının XXVI turunda "Kəpəz" üzərində 3:0 hesablı qalibiyyət "Sumqayıt" üçün bir sıra əlamətdar məqamlarla yadda qalıb.

Offsdeplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, "gənclik şəhəri" təmsilçisinin cari mövsüm ilk böyükhesablı qələbəsi olub. Sumqayıtlılar indiyədək Azərbaycan çempionatlarında 10 böyükhesablı qələbəyə (bunlardan 6-sı evdə, 4-ü səfərdə) seviniblər.

“Sumqayıt” sonuncu dəfə belə nailiyyəti 2024-cü il aprelin 19-da səfərdə “Turan Tovuz”la oyunda göstərmişdi - 4:1 .

“Kəpəz"lə dünənki oyunda, həmçinin "Sumqayıt”ın Misli Premyer Liqasındakı qolsuz oyunlar seriyası qırılıb. Vaqif Cavadovun yetirmələri bunadək ardıcıl 9 turda qol bilmirdilər. Axırıncı dəfə ötən il dekabrın 8-də "Neftçi"nin qapısına yol tapan sumqayıtlılar “Qarabağ” (0:5), “Kəpəz” (0:0), “Səbail” (0:2), “Sabah” (0:0), “Araz-Naxçıvan” (0:0), “Şamaxı” (0:1), “Zirə” (0:3), “Neftçi” (0:1) və yenidən “Qarabağ”la (0:2) matçlarda sanki tilsimlənmişdilər. Düz 92 gün sonra, başqa sözlə 876 dəqiqəlik seriyaya Roi Kehat son qoyub. "Kəpəz"lə görüşdə dubla imza atan 33 yaşlı israilli yarımmüdafiəçi Premyer Liqadakı qollarının sayını 10-a çatdırıb. O, bu göstəriciyə 59 matçda nail olub.

Beləliklə, "Sumqayıt" qolsuz seriyaya görə  Azərbaycan çempionatları tarixinə düşməyi "bacarıb". Komanda bu siyahıda ikinci pilləni "ələ keçirib". Antirekord isə 2015/16 mövsümündə ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”a məxsusdur.