Fasilədən sonra ilk qarşılaşmalarda "Səbail" səfərdə "Sumqayıt"ı (0:2), "Kəpəz" isə "Turan Tovuz"u (5:2) məğlub etdi. 

Bu komandalar hələ də autsayderlər qrupunda yer alıblar və növbəti turda üz-üzə gələcəklər. Bu rəqabətin sona kimi davam edəcəyini, yoxsa Premyer Liqanı tərk edəcək klubun tezliklə bəlli olacağını tanınmış agent Emil Şükürbəyli ilə aydınlaşdırmağa çalışdıq.

Mütəxəssis offsideplus.az-a açıqlamasında daha yaxın gələcəyi hədəf aldı:

"Sözügedən oyunlardan "Kəpəz" - "Turan Tovuz" qarşılaşmasının nəticəsini sürpriz kimi qeyd edərdim. "Boz qurdlar"ın əsas heyətindən bir neçə üzvünün olmaması öz sözünü desə də, Gəncə təmsilçisinin 5 qol vurması komandanın ikinci yarıya köklənməyindən xəbər verir. Gələn turdakı oyunu isə 6 xallıq kimi dəyərləndirərdim. Daha az səhv edən komandanın qalib gələcəyini düşünürəm. Bu komandaların son qarşılaşması isə 29 marta təsadüf edəcək. Ona görə də liqanı tərk edəcək klubun adı daha tez müəyyənləşəcəyinə inanıram".

Qeyd edək ki, çempionatın XX turu yanvarın 24-dən etibarən start götürəcək.