Dünən Misli Premyer Liqasının 19-cu turunda "Zirə" "Araz-Naxçıvan"ı qəbul etdi.

Offsideplus.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə  "qartallar"ın xeyrinə başa çatdı.

Matçda "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:

* Görüşdən öncə Premyer Liqada 100 oyun keçirdiyi üçün Aydın Bayramova plaket təqdim olundu.

* Matçın 45-ci dəqiqəsində Salifu Suma Qara Qarayevi təhqir etdi. Bu zaman azərbaycanlı futbolçu "Zirə"nin üzvünün üstünə şığıdı. Aranı sakitləşdirmək istəyən Rafael Utziq sonradan Qara ilə mübahisə yaşadı. Oyunçuların müdaxiləsindən sonra ara sakitləşdi.

* Əliyar Ağayev ilk hissənin final fitini səsləndirən kimi Qara Qarayev Utziqin üzərinə şığıdı. Bu zaman məsələyə Slavik Abbasov da müdaxilə etdi. Rəşad Sadıqov da məsələyə müdaxilə etməyə çalışsa da, Qaranı sakitləşdirə bilmədi. Vəziyyətin qəlizləşdiyini görən klubların və PFL mühafizə xidmətinin əməkdaşları, polislər hadisəyə müdaxilə etməli oldular.

* Elmar Baxşıyev Qaranın emosional olduğunu nəzərə alaraq yarımmüdafiəçini ikinci hissə meydana buraxmadı.

* İkinci hissə başlamamışdan öncə Rəşad Sadıqov Urfan Abbasovdan vəziyyətindən daha da qəlizləşməməsi üçün komanda yoldaşlarını sakitləşdirməsini istədi. 

* Matçın 66-cı dəqiqəsində zədələnən Bəxtiyar Həsənalızadə meydanı tərk etmək məcburiyyətində qaldı. Elmar Baxşıyev onu İssuf Paro ilə əvəzlədi.

* Matç bitən kimi Slavik Alxasov özünü yerə atdı. Ona qalxaraq meydanı tərk etməsi üçün "Zirə"nin futbolçuları kömək etdilər.