“Səbail”in Müşahidə Şurasının sabiq üzvü İxtiyar Asyabi futbolinfo.az saytına müraciət edib.

Offsideplus.az xəbər verir ki, o, klubda başverənlərlə bağlı fikirlərini bölüşmək istəyib.

Sabiq klub rəsmisi "Səbail"də çalışdığı dövrdə gördükləri işlərdən danışıb:

“2022/23 mövsümündə akademiyanın məşqçilərinin maaşının çox aşağı olması ilə bağlı ASCO rəhbərliyi ilə məsləhətləşdik. İmkan daxilində onların məvaciblərinin üstünə əlavələr etdik. Bundan sonra akademiyanın perspektivli uşaqlarına futbolu sevdirmək, onların şəraitini düzəltmək üçün nə edə biləcəyimizi düşündük və onlara da əlavə maaş ayırdıq. Milli komandalara düşənlərə 300, digər uşaqlardan isə bəzilərinə 50, bəzilərinə 100, bəzilərinə də 150 manat məvacib verməyə başladıq”.

Asyabi klubdakı rəhbər dəyişikliyindən söz açıb:

“Deməli, Fərəc Əliyev istefa verəndən sonra klubun icraçı direktorluğuna Firuz Abdulla seçildi. Onunla aramız çox yaxşı idi. Bir yerdə çörək kəsmişik, bir yerdə xaricdə olmuşuq. İcraçı direktor seçiləndən sonra Firuzda birdən-birə mənə qarşı nədənsə narahatlıq yarandı, məndən kənar gəzməyə, məndən kənar dayanmağa başladı. Mənim gördüyüm işlərin üstünü örtmək üçün fəaliyyətə ilk növbədə akademiyadan başladı. Akademiyanın Astaradakı, ardınca Xaçmazdakı şöbəsini bağladı. Uşaqların pullarını və yeməklərini kəsdi. Uşaqların qaldığı hoteli bağlatdırdı. Orada işləyən aşpaz, təmizlikçi, mühafizəçi kimi adamları işdən çıxartdı. Yəni bu işlər akademiyanın dağılmasından başladı”.

Müşahidə Şurasının sabiq üzvü klubda bəzi xərclərin doğru olmadığını deyib:

“Deməli, ASCO tərəfindən 2023/24 mövsümü üçün büdcə istənildi və 2022/23 sezonunda nə xərcləndiyinə dair fərq hesabatı tələb edildi. Bunlar ASCO-ya düzgün hesabat vermədilər. Məsələn, 2022/23 mövsümündə əsas komandanı aparıb gətirən avtobuslara il ərzində təxminən 9-10 min arası pul verilmişdi. Ancaq büdcə hesabatında yazmışdılar ki, 2022/23 sezonunda buna təxminən 150 min manat xərclənib. 2023/24 mövsümü üçün isə buna görə 200 min ayrılmasını istəmişdilər. Görün, fərq nə qədərdir?! 2022/23 sezonunda biz Prezident Aparatının avtobusunu götürürdük, köçürmələri ora edirdik, 1 il ərzində komandanın avtobusla gedib-gəlmək xərci 9-10 min arası edirdi. Bunlar isə nədənsə götürüb özlərindən yazdılar ki, guya əsas komandanın nəqliyyat xərclərinə 149-150 min arası pul xərclənib”.

Asyabi klub daxilində olan başqa gizlinləri də açıb:

“Deməli, bunlar yeni işçi ştatı cədvəli tutdular. Ən maraqlısı bu idi ki, baş mühasib həm mühasibat işlərini aparırdı, həm də buna əlavə yeni ştat vermişdilər: satınalma şöbəsinin rəisi. Halbuki hüquqi tərəfdən bu ştatlar bir adamın əlində cəmlənə bilməz. Nəyə görə? Necə olur ki, eyni şəxs həm mühasibat işlərini görür, həm də müqavilə bağlayıb buradan həmin pulları köçürür? Yəni klubun mühasibi ilk növbədə özü-özü ilə müqavilə bağlamışdı”.

İxtiyar bəy nəqliyyat vasitələri ilə bağlı dəyişikliklərdən də xoşlanmayıb:

“İcraçı direktora və baş məşqçiyə hərəsinə 1 ədəd sıfır maşın icarəyə götürüldü. Bundan əlavə, bir ədəd super vəziyyətdə olan “Mercedes Viano” avtomobili kluba ayrıldı. Halbuki klubun belə bir maşına, ümumiyyətlə, ehtiyacı yox idi. Bizim vaxtımızda rəhbərlik oyunlara gedəndə “Mercedes Vito” və ya “Mercedes Viano” avtomobili sifariş edirdik. Bu da il ərzində maksimum 2000-2500 manat pul tutardı. Ancaq “Mercedes Viano”nun kluba birbaşa 1 illik müqavilə ilə götürülməsi… “Mercedes Viano” yeni olduğuna görə, yüksək qiymətə müqavilə bağlanıldı.

Bu “Mercedes Viano” təxminən 1 ilə 50 min manat xərc apardı. Bundan əlavə, nədənsə fikirləşdilər ki, əsas komanda üçün əlavə avtobus icarəyə götürsünlər və onun üzərində “Səbail” Futbol Klubu yazılsın. Bu avtobusla da müqavilə baha qiymətə – aylıq 5500 manat qarşılığında bağlanıldı. Mən bunlara 1-2 dəfə dedim ki, bunu nə üçün belə etdiniz, əlavə xərcdir, Prezident Aparatının yeni avtobuslarını götürürdük və komandanı problemsiz aparıb-gətirirdi. Yeni avtobusun xərclərini aylıq 5500 manatdan hesablayanda, üstəlik, dizel xərclərini də üstünə gələndə 6000-6300 manat pul edirdi. Bu isə 1 il ərzində təxminən 75-80 minə yaxın maliyyə vəsaiti demək idi”.

İxtiyar bəy hazırkı rəhbərliyə təklif də veribmiş. O, müqavilələrin tendersiz bağlanmasından şübhələnib:

“Mən bunlara müqavilə məsələləri ilə bağlı təklif verdim ki, bizim vaxtımızda müqavilələrin çoxu tender əsasında bağlanılırdı. Tenderdə qalib gələnlə sözləşmə imzalayırdıq, işimizi görürdük. Bunlardan soruşdum ki, niyə tender keçirmirsiniz? Məsələn, 2016-cı ilin “Travego” avtobuslarını aylıq 4 min manata təklif edən var idi. Bunu Firuza dedim. Qayıtdı ki, niyə vaxtında demirdiniz, biz artıq bunlarla razılaşıb müqaviləni bağlamışıq. Axı, belə iş görmürlər. Tenderdə kim qalib çıxarsa, onunla da ciddi müqavilə bağlayarsan da. Başqa məsələyə toxunum. Nəqliyyat şirkəti ilə bizim mühasib müqavilə bağladı. Hansı ki, həmin nəqliyyat şirkəti əvvəl bizimlə böyük problemlər yaşamışdı. O vaxt bir az çətinlik olanda ASCO-nu məhkəməyə verməklə hədələmişdi. Bir-iki dəfə Fərəc Əliyevlə söhbət etdiyimiz vaxtda gəlmişdi ki, mənim pulumu verin, verməsəniz, bu dəqiqə maşınların hamısını saxlatdırıb, bütün uşaqları yerə tökdürəcəm. Biz də ona vəziyyəti başa salmağa çalışırdıq. Hətta bir dəfə yanımızda avtobus sürücülərinə zəng elədi ki, haradasınız, dayanın, uşaqları boşaldın. Yəni həmin nəqliyyat şirkəti bizim üçün böyük problemlər yaratmışdı. Bunlar isə təzədən axtarıb məhz həmin nəqliyyat şirkətini tapdılar. Maraqlısı odur ki, klubla ağır vəziyyətlərdə işləyən digər nəqliyyat şirkəti bir dəfə də olsun, bizə problemlər yaratmadı, hər bir şeylə razı olurdu. Ancaq bunlar birdən-birə həmin nəqliyyat şirkəti ilə müqaviləni dayandırdılar və tender keçirmədən əvvəlki şirkəti tapdılar, onu yenidən kluba saldılar. Ən maraqlısı budur ki, bizə problem yaratmayan nəqliyyat şirkətinə hər reysə görə 100-110 manat verilirdisə, bunlar daha baha qiymətə bizim üçün problem yaradan şirkətlə anlaşdılar. Hər bir kəs bu sualı verər ki, əvvəlki nəqliyyat şirkəti ucuz qiymətə xidmət göstərir, heç bir problem yaratmır, nəyə görə onunla müqavilə dayandırılır və ASCO-ya problem yaradan, məhkəməyə verən nəqliyyat şirkəti ilə yenidən, özü də daha baha qiymətə müqavilə bağlanılır?”

Asyabi klubdakı maliyyə məsələlərinə digər məqamlarda da diqqət çəkib:

“Çıxsınlar, göstərsinlər ki, bu qədər maliyyə qarşılığında klub üçün mövsüm ərzində hansı işlər görülüb? Bizim vaxtımızda ən çox maliyyə aparan məsələlər futbol geyimləri və təlim-məşq toplanışları idi. Futbol geyimləri o vaxt kənar bir şəxsdən alınırdı, yəni kluba heç bir aidiyyatı yox idi. Mənə yaxınlaşırdılar ki, bəs futbolçuların geyimlərinin alınmasını bizə həvalə et, biz sizin üçün geyimləri bir qədər ucuz qiymətə gətirək. Buna heç vaxt razı olmurdum. Sonra klubun idman direktoru Zamiq Hüseynova tapşırdım ki, formaları kənardan almaqdansa, sən komandanın geyimləri məsələsi ilə məşğul ol. Bildirdim ki, nəyə görə kənardan kimsə bizə forma alıb gətirsin, idman direktoru sənsən, bu işlə sən məşğul ol. Bunu Zamiqə tapşırmışdıq.

Təlim-məşq toplanışları ilə bizdə bir fırıldaqçı işçi var idi, o məşğul olurdu. Ona 1-2 dəfə xəbərdarlıq etdim. Sonra təlim-məşq toplanışını mühasibə tapşırdıq ki, sən də klub üzvlərindən biri ilə get və hansı şəhərdə kiminlə danışılırsa, özün də orada ol ki, artıq-əskik söhbətlər çıxmasın. Yəni biz bunları işin təmiz getməsi üçün edirdik”.

Məsələ ilə bağlı Offsideplus.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq...