Avropada "transfer pəncərəsi" başa çatmaq üzrədir. Bir çox klublar maraqlı keçidlərlə diqqət çəkilər. Azərbaycanda "transfer pəncərəsi" sentyabrın 16-da başa çatacaq. Yəni, klublarımız bu müddətə heyətini gücləndirə bilər. 

Bu mövsüm Premyer Liqamızda çıxış edən yerli futbolçular üçün uğursuz oldu. Çünki çempionatımızda oynaya hansısa oyunçu ölkə xaricinə getmədi. Görəsən, bunun səbəbi nədir? Çempionatımızın səviyyəsi düşüb? Yoxsa, ölkə xaricində çıxış edən oyunçularımızın özlərini doğrultmaması azərbaycanlılara marağı azaldıb? Suallarımızı futbol eksperti Bəxtiyar Musayevə ünvanladıq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Az sayda da olsa futbolçularımız var ki, xaricdə bizi təmsil edə biləcək səviyyədədir. "Qarabağ", "Sabah", "Neftçi"nin bəzi oyunçuları xarici liqalarda mübarizə aparacaq gücdədilər. Lakin, onların çox az hissəsi top liqalarda oynaya biləcək potensialdadır. Xaricdə çıxış edən futbolçularımız öz komandalarında nə qədər möhkəmlənsə, oyunları ilə səs salsa, bizim futbolçulara maraq bir o qədər artacaq".