"Komanda da nə baş verdiyini tam olaraq bilmirik. Mətbuatda gördüyümüz vəziyyətə əsasən onu deyə bilərik ki, klubda atmosfer yaxşı deyil. Ab-hava yaxşı olmayanda sonda nəticələrə təsir edir".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Arif Əsədov "Neftçi"nin hazırki durumu haqqında danışarkən bildirdi.

Mütəxəssis komandanın hücum futboluna üstünlük verməsinin gərəkliyini vurğuladı:

"Neftçi"nin oyun fəlsəfəsinə dair heç bir cizgi görünmür. Baxırsan ki, üçlü müdafiə də oynayırlar, hərdən dördlüyə keçir. "Neftçi" dominant futbol oynamalıdır. Elə taktikadan istifadə etməlidir ki, rəqib daim onların hücumlarının qarşısını almağa çalışsın. Amma, meydanda tam əksini görürük. Bəzən hətta beşli müdafiə oynayır. İlk üç oyunda müsbət yönümlü addım görünmədi. "Ağ-qaralar"ın əvvəlki perspektivini qaytarmaq üçün klub səviyyəsində işlər görmək lazımdır. Əsas komanda hansı səviyyədə çıxış edəcəksə, klubun durumu ondan aslı olacaq. "Neftçi" bu il avrokuboklarda iştirak etmədi. Bu vaxtdan istifadə edib komandanı yenidən qurmaq olardı. Xatırlayıram ki, "Neftçi" bir dönəm altı il çempion ola bilmədi. Belə bir duruma düşdü və hər şey yenidən quruldu. Ardınca 4-5 il uğurlu çıxış etdi. İndi də eyni şans yarandı. Təəssüf ki, bu fürsətdən düzgün yararlanmadılar"