Uzun müddətdən sonra iki klubumuzun avrokubokların pley-off mərhələsinə vəsiqə qazanmasısı uğur hesab etmək olar.
"Qarabağ" Çempionlar Liqasının, "Zirə" isə Konfrans Liqasında mübarizəni davam etdirir.
Bu nəticələr Azərbaycan futbolunun ümumi inkişafının bir göstəricisidir, yoxsa klubların öz səyləri və strategiyalarının nəticəsidir?
Ölkə futbolunun cari durumu, bu uğurların arxasında duran amillər və idmanın bu növünün inkişaf perspektivlərini qiymətləndirməsi Emil Şükürova üz tutduq. Tanınmış agent Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Qarabağ" üçün pley-off mərhələsi artıq bir neçə mövsümdür ki, minimal səviyyədir. Digər təmsilçilərimizdə isə stabil çıxış hələ də yoxdur. Ölkə çempionatındakı çıxışa nəzər salsaq, "Zirə" ilk dövrədə hücum xəttində əziyyət çəkirdisə, düzgün transferlərlə oyunu tarazlaşdırıb, layiq olduğu yeri tutdu.Təbii ki, klublarımız qitəmiqyaslı yarışlarda Azərbaycanı təmsil edir, amma ölkə futbolunun inkişafını iki klubun avrokubok nəticələrinə bağlamağı düzgün hesab etmirəm.
İnkişaf meyarlarını müəyyən etmək çox çətindir. Uğur qazanan klublarımızın əsas heyətində meydana çıxan yerli oyunçuların sayı 3 nəfəri keçmirsə və ölkə çempionatında 18 yaşın altında daima əsas heyətdə oynayan istedadlar görmürüksə, biz daha çox təmsilçilərimizin avrokuboklarda Azərbaycan layiqincə təmsil etməsindən danışa bilərik"