Ötən gün saytımıza "Neftçi" ilə bağlı 2 şikayət daxil olmuşdu.
Vüqar Quliyev və Vətən müharibəsi iştirakçısı Rasim Quliyevin işdən uzaqlaşdırılıb. Həmçinin V.Quliyevin şəhid qardaşı Asim Quliyevin büstünün AFFA-nın yanındakı bazadan götürülməsi ilə bağlı yayımladığımız xəbərə klubdan aydınlıq gətirildi.
"Neftçi"nin mətbuat katibi Asəf Zeynallı məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Şəhidlər hər zaman bizim qəlbimizdədir. "Neftçi" bu məsələlərə həmişə xüsusi diqqət və həssaslıqla yanaşır. Bu klubda şəhidlərə qarşı hansısa hörmətsizlikdən söhbət belə gedə bilməz. Bəli, şəhid Asim Quliyevin xatirə lövhəsi bizim köhnə bazanın girişinə qoyulmuşdu. Şəhidlik zirvəsinə ucalandan 1 il sonra götürülüb. Belə nəzərdə tutulmuşdu. Şəhidimizin şəkli "Neftçi Arena"nın əsas girişində yerində qalır. Həm də biz artıq bazanı dəyişirik, yeni ofisə köçürük. Amma klubumuz şəhid ailələrini daim diqqətdə saxlayır. Adətən bu cür məsələləri daxildə həll edirik. Publik şəkildə bildirmirik, yaymırıq. Ancaq bir məsələni vurğulayım ki, "Neftçi" artıq 4 ildir şəhid Asim Quliyev də daxil olmaqla, 7 şəhid ailəsinə aylıq müavinətlər ödəyir və belə də davam edəcək".
Əməkdaşların işdən uzaqlaşdırılmasına isə paytaxt klubunun rəsmisi belə münasibət bildirdi:
"Neftçi"yə mühafizə xidməti göstərən şirkət dəyişib. Yeni kompaniya ilə müqavilə imzalanıb. Artıq klubun bütün mühafizəsinə həmin şirkət cavabdehdir".