Dünən "Araz-Naxçıvan" yoxlama oyunu çərçivəsində əvəzedici komandanı 3:1 hesabı ilə məğlub etdi. Görüşdən sonra əsas kollektivin baş məşqçisi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis yeni transferlərin olacağını deyib:
“Yoxlama oyununu keçirməkdə məqsədimiz komandanın meydanı tam hiss etməsi idi. Son iki gündə daha çox məşq keçmişdik. İstəyimiz də yükləmə altında komandanı görmək idi. Onlara nə demişdiksə, hansı tapşırıqları vermişdiksə, meydanda bizə qaytardılar. Hələ tam komplektləşməmişik. Bəzi mövqelər var ki, ora transferlər olacaq. Həmin mövqeləri gücləndirəcək futbolçularla danışıqlar demək olar, yekunlaşıb. Ömər Buludov və Miço Kuzmanoviç də xəstəlik səbəbindən bu matçda iştirak etmədilər. Vaxtımız var, dediyim kimi, qarşıdakı günlərdə heyətimizə yeni futbolçular qoşulacaq. Mərkəz müdafiəçisinə, oyun qurucuya və hümçuya ehtiyac var. Yaxın günlərdə komanda tam komplektləşəcək”.