Kurban Berdiyev rəsmi olaraq “Turan Tovuz”un baş məşqçisi təyin olundu.
Mütəxəssis "boz qurd"la “2+1” illik müqavilə imzaladı. Rusiyalı mütəxəssisin gəlişi azarkeşləri ümidləndirib. Görəsən, Berdiyevin rəhbərliyi altında klub inkişaf edə biləcəkmi?
Mütəxəssis Qərb təmsilçisini avrokuboklara apara biləcək? Suallarımızı klubun sabiq icraçı direktoru Yaşar Sultanova ünvanladıq.
Funksioner Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Berdiyev keçmiş postsovet məkanında tanınmış, titullu, adlı-sanlı məşqçi və futbol mütəxəssisidir. İndidən uzaqgörənlik etmək istəməzdim. Görəcəyi işlərdən, aparacağı transfer siyasətindən, təlim-məşq proseslərinin gedişindən, komandada yaradacağı qələbə ruhundan sonra bu barədə nəsə söyləmək olar. Bu gün oxudum ki, arterial qan tezyiqindən əziyyət çəkdiyi üçün komandanı yüksək dağlıq əraziyə - Türkiyənin Qızılcahamam və ya Bolu bölgəsinə apara bilməyəcək. Bu isə komandanın fiziki hazırlığı üçün çox vacib mərhələdir.
Klubun inkişafı və böyüməsi müasir infrastrukturun yaradılmasından, maliyyə dəstəyindən, investor və sponsorların, rayon rəhbərliyinin, bütöv ictimaiyyətin, enerjili azarkeş toplumunun diqqəti, qayğısı, sevgisi, dəstəyindən aslıdır. "Turan Tovuz"un böyüyərək inkişaf etməsi tək məşqçidən asılı ola bilməz. Hazırda "Hüner Group" şirkəti tərəfindən çox böyük işlər aparılır.
Formalaşmiş, mübariz, döyüşkən komanda yaradılsa, avrokuboklara qatılmaq problem olmayacaq. Düşünürəm ki, ən əsası Avropanın aparıcı klublarında oynaya biləcək yeni, gənc nəsil milli futbolçuların yetişdirilməsinə nail olmaqdır."