“Neftçi”nin sabiq vitse-prezidenti Elnur Eyvazovun Offsideplus.az-a müsahibəsi...

- Komanda mövsümü 5-ci pillədə başa vurdu. Uzun müddət idi ki, “ağ-qaralar” belə uğursuzluğa düçar olmurdu. Bu haqda nə söyləyə bilərsiniz?

- 2016/17 mövsümündə “Neftçi” turnir cədvəlini 7-ci pillədə başa vurmuşdu. Həmin dövrdə komanda “Qəbələ”yə 8:0 hesabı ilə məğlub olmuşdu. Bundan sonra rəhbərliyə biz gəldik. Məşqçi dəyişikliyi oldu. Elxan Abdullayev təyin olunmuşdu. Həmin vaxt mövsümü 7-ci pillədə başa vurmuşduq. Bu situasiya bizə çox pis təsir etmişdi. Bizim çox az vaxtımız var idi. Ümumiyyətlə, strategiya tam fərqli idi. Demək olar ki, ancaq gənc futbolçuların xidmətindən istifadə edirdik. Əcnəbilər çoxu yola salınmışdı. Lakin, sonrakı 6 il ərzində “Neftçi” ilk üçlükdə yer alırdı. Sadəcə, kubokda nəticə əldə edə bilməmişdik.

- Lakin, “Neftçi” “Qarabağ”ın hegemonluğuna son qoyaraq Premyer Liqanın qalibi oldu...

- Bəli, 1 dəfə çempion olmağı bacardıq. Bəlkə də bunu deməyim düzgün olmaz. Amma ən kiçik büdcə ilə çempion olmağı bacardıq. Ümumiyyətlə, bu nailiyyətdən sonra bizim üçün bürünc medala sevinmirdik. Üçüncülüyü uğur hesab etmirdik. Şəxsən mənim üçün əsas hədəf avrokubokların qrupuna vəsiqə qazanmaq idi. Ən pis halda Konfrans Liqasında uğurlu çıxış etməyi qarşımıza məqsəd qoymuşduq. Elə bir şansımız da var idi. ÇL-də mübarizəyə başladıq. Əfsuslar olsun ki, ancaq Konfrans Liqasının pley-offunda oynadıq və burada məğlub olduq. Yəni, həmin vaxt şansımız var idi. Ola bilər ki, futbolla bağlı bəzi məsələlər çox gecikdi. Bu səbəbdən də qrupa düşə bilmədik.

 

- Komandanın bu vəziyyətə düşməsi ilə bağlı nə deyə bilərsiniz?

- Həqiqətən də məyusedici durumdur. Bütün “Neftçi” camiəsi, mənim üçün də üzücü durum idi. Ümumiyyətlə, çalışdım ki, klubun əlehinə nəsə deməyim. Heç yer açıqlama, müsahibə vermədim. Amma qurulan strategiya, struktur, sistem onu vədd edirdi ki, burada uğur qazanmaq çətin olacaq. Bu, “Neftçi”də Müşahidə Şurasını təmsil edən rəhbər şəxslərin istəməməyindən irəli gəlmirdi. Əksinə, onların kluba olan sevgisi danılmazdır. Həmin şəxslərin “Neftçi”yə ürək yandırdıqlarını həmişə görünürdü. Sadəcə, dəyişikliklərdən sonra klubu idarə edən şəxslər, müəyyən insanlar öz aralarında rabitəni qura bilmədilər. Ola bilər ki, təcrübələri çatmadı. Ən əsası da “Neftçi”də işləyən şəxsdə kluba qarşı sevgi olmalıdır.

 

- Nə üçün flaqman bu duruma düşdü?

- Dərindən təhlil edəndə görürük ki, “Neftçi”nin uğursuzluğunun əsas səbəbi büdcəsidir. Nəyisə düzəltmək üçün klubun maliyyə durumunu kəskin şəkildə azaltmaq lazımdır. “Neftçi”ni bu gün karantinə salmaq lazımdır. 3-5 faiz oksigen vermək lazımdır. Belə olanda digər amillər yox olacaq. Sonrada həmin oksigeni bərpa etməklə, düzgün sistemi otuzdurmaqla komandanı bu durumdan çıxartmaq lazımdır. Düzdür, büdcəni kəskin şəkildə azaltmaq da müəyyən problemlərin yaranmasına səbəb olacaq. Amma bu ağrılı dönəmi yaşamaq lazımdır ki, kiçik maliyyə ilə başlayaraq səmərəli büdcənin xərclənməsini təmin etmək olsun.

 

- Böyük işlər görəndə nəyi nəzərdə tutursunuz?

- Hazırda “Neftçi”nin ən böyük problemi seleksiyadır. Komandanın düzgün transfer siyasəti yoxdur. Ümumi nəzər yetirdikdə, görürük ki, əsas uğursuzluq A komandada yaşanır. Onsuz da biz çalışan dönəmdə bir sıra problemlər aradan qalxmışdı. Bazanın təmiri olmasa belə, əsaslı tikişi başa çatmışdı. Köhnə borcları bağladıq. Əlimizdən gələn infrastruktur işlərini gördük. “Neftçi TV”ni yaratdıq. Bu işlər mükəmməl görülürdü. Amma məlumdur ki, yekun qiymət əsas komandanın nəticəsinə görə verilir. Bu ildə problem A kollektivi ilə bağlı idi. Daha öncə də söylədiyim kimi, Müşahidə Şurasında təmsil olunan rəhbərliyə düzgün məlumat və istiqamət verilmədi.

 

- “Neftçi”nin düzəlməsi üçün nə etmək lazımdır?

- Bu gün xaricdən olan çox insan bizim şirkətlərə təlimlər keçə bilər. Amma futbolla bağlı konsaltinq şirkətlərin verdiyi təkliflər Azərbaycan reallığına uyğun olmaya bilər. Bura gələn şəxs ölkə futbolundan xəbərdar olmalıdır. Buna da vaxt lazımdır. Düşünürəm ki, klubda idman direktoru, baş məşqçi yerli mütəxəssis olsa, daha yaxşı olar. Onsuz da Azərbaycanda bu işləri görmək potensialında olan kifayət qədər insan var. İllərdir “Neftçi”dən kənarda qalan güclü futbol mütəxəssisləri var. Onları cəlb etmək lazımdır. Təəssüflər olsun ki, həmin şəxslər müxalif sayılırdı deyə kluba yaxın buraxmırdılar. Halbuki onlar başqa yerlərdə uğurlar əldə etmişdilər. Bu qədər. Yenə deyirəm, əsas seleksiya işi düzgün qurulmalıdır. “Transfer pəncərə”si açılan kimi hərəkətə başlamaq lazım deyil. Mənə görə seleksiya departamenti 11 ay ərzində işləməlidir. “Transfer pəncərəsi” bağlanandan sonra həmin şəxslər məzuniyyət götürərək istirahət etməlidir. Onlar il ərzində idman direktoruna baş məşqçinin oynatdığı futbola uyğun olaraq dəqiq hesabat hazırlayıb verməlidirlər. Buna uyğun olaraq da transferlər edilməlidir. Təəssüflər olsun ki, “Neftçi”də bu problemlər aradan qaldırılmadı. Bu istiqamətdə hansısa yeniliklər də görülmədi.