Misli Premyer Liqasının VII turunda “Neftçi” ilə “Sabah” arasında keçirilən və 0:0 hesabı ilə başa çatan oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssis hər iki komandanın çıxışını bəyəndiyini bildirib:
“Hər iki komandanın performansını bəyəndim. Bilirdik ki, çempionla oynayırıq. Çempionlar Liqasında çıxış edən komanda ilə qarşılaşırdıq. “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzsalar da, əzmkar oyun nümayiş etdirmişdilər. Daha çox şansımız olsa da, onlardan istifadə edə bilmədik.
“Sabah” geridə qalan beş oyunda cəmi bir qol buraxmışdı. Bu da onların yaxşı müdafiəyə malik olduğunu göstərir. Oyunçularım intensivliyi qorudular. Təkbətək mübarizələrdə uduzmadıq. Təəssüf ki, qol vurmadıq. Amma bu futboldur. Nəzərə alaq ki, son çempionla oynayırdıq. Bu bir xal da məni qane edir.
Hər iki komandada millidən qayıdan oyunçular var idi. Bizdə səkkiz, onlarda isə 10 futbolçu. Sessi D’Almeyda məşqə qoşula bilmədi. Bu, həyatdır. Qorxulu bir şey yoxdur. Bizə xoşdur ki, oyunçularımız millidə oynayır. Bu arada, heç kim inanmasa da, Azərbaycan millisi qələbə qazandı və lider olmaq şansları yüksəkdir”.
“İki xal itirdiniz, yoxsa bir xal qazandınız?” sualını cavablandıran Vernidub belə deyib:
“Mən iki xal itirdim. Həmişə üç xal qazanmaq istəyirəm. Fərqi yoxdur, hər komandanı udmaq istəyirəm”.
Baş məşqçi hakimliklə bağlı fikirlərini də bölüşüb:
“Hakimliyi şərh etmək istəmirəm. Oyun zamanı emosional ola bilərəm, amma sonra sakitləşirəm. Bu haqda biz düşünməməliyik. Normal idarəçilik oldu”.


