Misli Premyer Liqasının 5-ci turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, ​görüşü şərh edən mütəxəssis komandasının nümayiş etdirdiyi əzmkarlıqdan razı qaldığını bildirib: "Olduqca keyfiyyətli oyun alındı. Bu gözlənilən idi. Futbolçularıma təşəkkür edirəm. İntizamı, əzmkarlığı yüksək tutdular. Məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Məsələ nəticə yox, əzmkarlıqdır."

​Komandasında yaşanan zədə problemlərinə toxunan baş məşqçi ardıcıl çiyin çıxması hallarına münasibət bildirib: "Qapıçımız bərpa müddəti keçir, Braziliyadadır. Qədərimiz budur. 1 il ərzində 4 futbolçunun çiyni çıxıb. Bu hazırlıqsız yox, qismətdir. 20-ci dəqiqədə də Vierinya zədələndi."

​Avrokuboklardakı uğursuzluq barədə də danışan Sadıqov ən ağır məğlubiyyətini etiraf edib: "'Payde' məğlubiyyəti çox ağır oldu. İnanırdım ki, komanda qruplara, pley-off mərhələsinə hazırdır. Avrokubokda bu cür hadisə yaşamaq mənim üçün böyük dərs oldu."