Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana ümumilikdə 330 futbolçu çıxıb.

Offsideplus.az xəbər verir ki, PFL-in hesabatına əsasən, ötən mövsüm şans qazanan oyunçulardan 163-ü yerli, 167-si isə legioner olub. Turnirin ümumi orta yaşı 26.8 (yerlilər 24.8, əcnəbilər 28.4) təşkil edib.

Heyətində ən çox futbolçuya şans verən klub "Kəpəz" (35), ən az isə "Araz-Naxçıvan" (23) olub.

Gəncə təmsilçisi həm də ən çox yerli oyunçu oynadan (22) komandadır. Bu göstəricidə ən aşağı nəticə "Neftçi"yə (8) məxsusdur. Heyətində ən çox legionerə yer verən klublar "Sabah", "Qarabağ" və "Neftçi" (hər biri 17), ən az şans verən isə "İmişli"dir (11).

Mövsümün ən gənc futbolçusu "Kəpəz"in heyətində debüt edən Raul İsaqov (16 yaş, 162 gün), ən yaşlısı isə "Zirə"nin formasını geyinən Stefan Aka (35 yaş, 219 gün) olub.

Mövsüm ərzində ölkə daxilində iki fərqli komandanın heyətində meydana çıxan 5 futbolçu qeydə alınıb: Abdulla Rzayev ("Turan Tovuz" / "Şamaxı"), Anatoli Nuriyev ("Sabah" / "Zirə"), Rauf Rüstəmli ("Sumqayıt" / "Qəbələ"), Sənan Muradlı ("Şamaxı" / "Sumqayıt") və Veysəl Rzayev ("Turan Tovuz" / "Kəpəz").