AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasının bölgə klubları barədə maliyyə sanksiyaları tətbiq edib.
Offsideplus.az xəbər verir ki, intizam pozuntularına görə "Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimə olunublar.
Müvafiq qərarların təfərrüatları aşağıdakı kimidir:
"Kəpəz": "Şamaxı" ilə keçirilən matçdan sonra meydana kənar şəxslərin daxil olması (bu mövsüm ikinci hal) gəncəlilərə baha başa gəlib – klub buna görə 5000 manat cərimələnib. Bundan əlavə, oyun zamanı əsasnamənin tələblərini pozduqları üçün klub daha 1000 manat ödəyəcək.
"Karvan-Yevlax": Yevlax təmsilçisi XVIII turda "Sumqayıt"la qarşılaşmada əsasnamənin müvafiq bəndinin (9-cu maddə, 4-cü bənd) tələblərinə əməl etmədiyi üçün 1000 manat məbləğində cərimə edilib.
"Turan Tovuz": Tovuz klubu "Qarabağ"la görüşdə futbolçularının nizam-intizamı ilə bağlı ziyana düşüb. Komandanın 6 üzvü sarı vərəqə ilə cəzalandığı üçün klub 700 manat cərimə ödəməli olacaq.



