“Qələbə seriyamı davam etdirə bildiyim üçün çox xoşbəxtəm”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında azərbaycanlı MMA döyüşçüsü Emil Musayev deyib.

O, bir neçə gün öncə RCC turnirində Özbəkistan təmsilçisi Javoxir Nazrulloyev üzərində qazandığı qələbə haqqında danışıb: "Deyəsən, bu, ardıcıl beşinci qalibiyyətim idi. Əlbəttə ki, potensialımı bildiyim üçün daha yaxşı döyüş göstərə bilərdim. Ancaq zədə mənə mane oldu.

Ümumilikdə isə, döyüşdən tamamilə razıyam. Bütün planlarımı həyata keçirdim. Hazırlıq çətin, lakin yüksək səviyyədə keçmişdi. Komanda kapitanı İvan Ştırkovun və baş məşqçim Georgi Tamoyevin rəhbərliyi altında öz təlim-məşq düşərgəmdə məşq etmişdim.

Rəqibimə gəldikdə, ona yalnız hörmətim var, çünki o, az bir vaxtda döyüşməyə razılıq verdi.Əslində, başqa idmançı ilə döyüşməliydim. Lakin onun gəlişi ilə bağlı bəzi problemlər yarandı. Rəqibimə qısa müddətdə mənimlə döyüşməyə razılıq verdiyi və məni döyüşsüz qoymadığı üçün minnətdaram.

Musayev gələcək planlarından da danışıb:  “Döyüşdən sonra bir az dincəlib daha sonra yenidən məşqlərə qayıdacağam.

Məqsədlərim dəyişmir: hər gün yalnız özümün ən yaxşı versiyasına çevrilirəm. Hazırda yaxşı formadayam və uğur qazanmağa davam edirəm”.