Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.
Tədbirdə maraqlı qərarlar qəbul edildir. Diqqət çəkən məqamlardan biri AFFA-nın “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq barədə razılığa gəlməsi oldu. Bu kompaniyalar qurum üçün strategiya hazırlayacaqlar. Adı çəkilən şirkətlərlə əməkdaşlıq Azərbaycan futboluna nə fayda verəcək? Bu layihə uğurlu olacaq? Sualımızı idman hüquqşünası Elcan Həsənliyə ünvanladıq. Vəkil məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“AFFA-nın bu cür şirkətlərlə əməkdaşlıq etməsi həqiqətən də təqdirə layiqdir. “Double Pass”, “McKinsey” şirtkətləri bazarda strategiyaların qurulması, gənc oyunçuların kəşfi, onların keçid dövründə futbolu düzgün qavramağı nöqteyi nəzərdən yaxşı işlər görürlər. Bir çox əməkdaşlıq etdikləri federasiya və klublar var. Hətta Türkiyə Federasiyası ilə də iş birliyi edirlər. Hesab edirəm ki, bu strategiyanın hazırlanması indiki dövrdə çox vacibdir. Çünki AFFA xüsusi ilə uşaq futboluna diqqət ayırmalıdır. Bu sahədə də ciddi və beynəlxalq təcrübəsi olan şirkətlərlə əməkdaşlıq etmək düzgün və müsbət bir addımdır. Eyni zamanda, uşaqların hüquqlarının müdafiəsi ilə bağlı AFFA-da ciddi sənədlər hazırlanmalıdır. Hansı ki, FİFA bu sənədlərin tətbiqini  yerli federasiyalardan ciddi şəkildə tələb edir. Düşünürəm ki, həm AFFA-nın strategiyası düzgün qurulmalıdır, həm də uşaq futbolunun inkişafı ilə bərabər onların hüquqlarına da ciddi riayət olunmalıdır. Ümid edirəm ki, İcraiyyə Komitəsinin növbəti iclaslarında bu məsələlər müzakirə olunub, lazımi sənədlər tezliklə AFFA tərəfindən qəbul ediləcəkdir”.