Ukrayna milli komandasının və "Çelsi"nin futbolçusu Mixail Mudrik ağır cəza ilə üz-üzə qalıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı vinger istifadəsi qadağan olunmuş preparat qəbul etdiyinə görə FIFA tərəfindən 4 illiyə diskvalifikasiya edilə bilər.
"The Athletic" nəşrinin yazdığına görə, futbolçudan götürülən B dopinq-testinin də nəticəsi müsbət çıxıb.
Mudrikin etiraz etmək üçün iyulun 8-dək vaxtı var.
Əks təqdirdə, futbolçu uzun müddətə yaşıl meydançalardan kənarlaşdırılacaq.
Hətta "Çelsi" rəhbərliyi onunla müqaviləni birtərəfli şəkildə poza bilər. Belə bir qərarı londonlular 2004-cü ildə rumıniyalı futbolçu Adrian Mutu ("Neftçi"nin sabiq baş məqşçisi) ilə bağlı qəbul etmişdilər.
Qeyd edək ki, Mudrik dopinq-testdə ötən ili dekabrın 17-də ilişib. Həmin vaxtdan rəsmi matçlarda iştirak etməyən ukraynalı çox güman ki, növbəti mövsümdə də futbola həsrət qalacaq.
Bu isə o deməkdir ki, istedadlı vinger bu ilin payızında dünya çempionatının seçmə mərhələsində Ukrayna yığmasının heyətində Azərbaycan milli komandasına qarşı mübarizə apara bilməyəcək. Oyunlar sentyabrın 9-da Bakıda və oktyabrın 13-də Polşanın Vrotslav şəhərində keçiriləcək.