Azərbaycan milli komandasının üzvü Toral Bayramov Latviya ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra Offsideplus.az-a danışıb.
24 yaşlı futbolçu saytımıza açıqlamasında əvvəlcə nəticəni və fərdi performansını dəyərləndirib:
"Nəticədən nə razı qaldıq, nə də narazı. Uduzmadıq, qalib gələ də bilmədik. Əlimizdən gələni etdik ki, qalib gələk, hətta bunun üçün fürsətlərimiz də oldu. Amma təəssüflər olsun ki, dəyərləndirə bilmədik. Gələn oyunlarda qollar vurmağa çalışacağıq ki, qələbə qazana bilək".
"Milli komandamız artıq neçə oyundur qol vura bilmir. Bunu necə izah edə bilərsən?", sualına T.Bayramov belə cavab verib:
"Mən də bunu vurğuladım, birdən-birə hər şeyi düzgün etmək olmur. Elə oyunlarımız olub ki, qollar vurmuşuq, lakin daha çox buraxmışıq. Əsas diqqətimizi müdafiəyə yönəltmişik. Məşqlərdə bunun üzərində çalışırıq. Məncə, o cəhətdən bu gün kollektiv olaraq pis təsir bağışlamadıq. Gələcəkdə inşallah, qollar vuracağıq, qələbələr qazanacağıq".