"Sabah çox önəmli matça çıxacağıq. Son oyunlar öncəsi Monteneqro ilə qrup birinciliyi uğrunda mübarizə aparırıq. Mütləq qalib gəlməliyik".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcək oyun ərəfəsində AFFA-nın rəsmi saytına danışan çalışdırıcı böyükhesablı qələbəyə ümid etdiklərini bildirib.
"Qələbəni çox qol vuraraq əldə etsək, işimizə daha çox yarayar. Litva bizimlə oyundan sonra Monteneqro ilə qarşılaşacaq. Yəni Monteneqro son görüşdə onlara hansı nəticənin sərf edəcəyini bilərək meydana çıxacaq. Bu məqam Monteneqro yığmasına üstünlük gətirə bilər. Buna görə mümkün qədər çox qol vuraraq qələbə qazanmağa çalışacağıq. Komandamız oyuna tam hazırdır. Qızlar matçın əhəmiyyətini dərk edirlər. Fürsətdən istifadə edərək, azarkeşləri tribunalara dəvət edirəm. Bakıda çıxış edəcəyik və bizim üçün çox vacib qarşılaşmadır. Azarkeş amili böyük rol oynaya bilər. Onları sabah tribunalarda görmək qızlara əlavə motivasiya verər", - deyə S.Əsgərov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan - Litva görüşü saat 18:00-da Bayıl stadionunda başlanacaq.
Son turdan öncə Monteneqro kollektivi topların daha yaxşı fərqinə görə Azərbaycanı qabaqlayaraq qrupda birinci yeri tutur.