"Mən burada cəmi 7 oyun keçirmişəm. Müqaviləmin heç bir ili tamam olmayıb. Ümid edirəm ki, ilk qələbə sabahkı oyunda olacaq".

Offsideplus.az xəbər verir ki, bu sözlər Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşa məxsusdur. 

Təcrübəli mütəxəssis sabah Belarusa qarşı keçiriləcək oyuna həsr olumuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, yığmaya dəstək verməyin vacibliyindən danışıb: "Mən problemlərlə bağlı futbolçularla mütəmadi danışıram, onalra məsələnin kökünü aşılayıram. Fərdi və komanda şəklində danışıram. Futbolçunun özündən də çox şey asılıdır. O da çalışmalıdır ki, bu səddi adlasın. Təkbaşına bundan çıxmaq mümkün deyil. Mən və oyunçularım hamımız bir yerdə bu problemləri həll etməliyik. Siz jurnalistlər də çox vacibsiniz. Eləcə də azarkeşlər, publika. Nə qədər hamımız bir yerdə olsaq, problemləri həll etmək bir o qədər asanlaşacaq".

F.Santuş bildirib ki, milli komandaya sevgi ülvi, saf olmalıdır: "Mənim futbolda təcrübəm çoxdur. Futbolçu hər tərəfdən dəstək görməlidir. Dəstək olmayanda, o da qorxa-qorxa addımlayır. Hamımız səhv edirik. Burda həyatda səhv etməyən kim var ki!? Hər səhv edəni öldürmək olmaz, əksinə dəstək vermək lazımdır. Mən özüm də səhvlər buraxmışam. Ən önəmlisi odur ki, dəstək olmalıyıq. Dəstək olanda futbolçunun özünə güvəni, inamı artır. Təkcə tənqidlə iş bitmir. Mən həmişə belə edirəm. Hamını belə etməyə çağırıram. Bu, bizə çətinlikləri aşmağa kömək olacaq. Evdə necə övladına yanaşırsansa, milli komanda ilə də elə olmaq lazımdır. Övladını ancaq yaxşı nəsə edəndə yox, həmişə dəstəkləməlisən. Milli komanda bu deməkdir".