Azərbaycan millisi Millətlər Liqasının C Liqasının I qrupunun II turunda Slovakiyanın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Dünənki matçı dəyərləndirməsi üçün Aslan Kərimova üz tutduq. Təcrübəli mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Hesab edirəm ki, birinci və ikinci oyunu dəyərləndirdikdə, İsveçə qarşı daha aqresiv görünürdük. İlk oyundakı komanda Slovakiya ilə görüşə nisbətən daha fəal idi. İsveçlə matça çıxan heyət ikinci qarşılaşmada daha yaxşı nəticə əldə edə bilərdi. Həmişə olduğu kimi, üç gündən bir oyun oynamaq futbolçularımız üçün çətin olur. Bu, meydançada açıq-aşkar özünü göstərirdi. Müdafiədə çox səhv etdik. Lakin həddindən artıq müdafiəçilərin üstünə düşürük. Bu səhvlər yalnız müdafiə ilə bağlı deyildi. Hücumameyilli oyunçularımız irəli dəstək versələr də, topu itirdikdən sonra geri dönüşdə zəif çıxış edirdilər. Onlar arxata əllərini sallaya-sallaya qayıdırdılar. Bu da müdafiə xəttində böyük səhvlərə yol açırdı.
Hər kəs Amin Seydiyevin penaltisini vurğulayır. Təbii ki, səhvi var idi. Cərimə meydançasında daha ehtiyatlı olmaq lazımdır. Lakin həmin epizodda Rahil Məmmədov geridə qaldı. Yəni, bir mərkəz müdafiəçisino bu qədər rahat keçməməli idilər. Düzdür, ikinci qolda da Amin Seydiyevin səhvi oldu. Dörd oyunçumuz heç nə olmamış kimi geriyə yavaş-yavaş qayıtdı. Amma rəqibin oyunçuları hücuma dəstək verirdi. Belə bir situasiyada məğlub olmağımız normal qarşılanmalıdır. Ramili ikinci hissədə meydana buraxdılar, amma o, formasından uzaqdır. Hələ ki, özünə gəlməyib. Fiziki vəziyyəti aşağıdır. Bu səbəbdən effektivliyi də azdır. Bütün bunların fonunda, İsveçə və Slovakiyaya da məğlub olmağımız başa düşüləndir. Bu qədər səhv edirsənsə, rəqibin səni üstələməsi normaldır."