Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Xorvatiyada “Sports News” nəşrinə müsahibə verib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu "Dinamo"(Zaqreb) klubuna transferi barədə fikirlərini bölüşüb.

Emreli jurnalistin "Polşa mətbuatı “Legiya”dan pis xatirələrlə ayrıldığınızı yazıb. Xüsusən də, spirtli içki qəbulu ilə bağlı yazılar dərc olunub" sualına isə belə cavab verib:

"Bu haqda danışmağı xoşlamıram. Amma yeni kluba gəldiyim üçün izah etmək istəyirəm. Hər kəs əsl həqiqəti bilsin. İndi sizə hər şeyin necə başladığını söyləyəcəyəm. Gecə klubundan çəkdiyim fotolardan biri dərc olundu. Bəli, bəzən klublara gedirdim, etiraf etmək mənim üçün çətin deyil. Heç kimə yalan danışmaram, çünki mən beləyəm. Bir neçə gün istirahətim olanda ora gedirəm, nə problem var ki? Ancaq nadir hallarda, bir neçə ayda bir dəfə gedirəm. Ancaq əsla içmirəm. Mediada yayılan həmin fotoya qayıdaq. Bu, “Slaviya” ilə oyundan əvvəl baş verdi. Onların qapısına 3 qol vurdum. Həmin vaxt heç əylənmədim. O şəkil çıxandan sonra yazılmağa başladı ki, mən pis adamam, kluba hörmət etmirəm. Boş olduğum zaman bir məkana getməyim barədə altı ay yazıldı. Davamlı olaraq eyni şəkli fırladıqlarından, deyilirdi ki, daim gecə klublarına gedirəm. Halbuki altı ayda bir dəfə bunu edirdim. İnanılmazdır. Bunu kim qurdu, həqiqətən bilmirəm, başa düşmürəm. Mən maksimum peşəkaram".