Bir neçə gün əvvəl TV8 telekanalında yayımlanan məşhur "Survivor" yarışını tərk edən Kikboks üzrə 6 qat dünya çempionu, "Kobra" ləqəbli Pərviz Abdullayevin yenidən sözügedən layihəyə qaytarılacağı barədə yayılan söz-söhbətlərə aydınlıq gətirilib.

Offsideplus.az xəbər verir ki, yarışı tərk etməsinə baxmayaraq koronavirus səbəbiylə "Survivor"un keçirildiyi Dominikandan Bakıya qayıda bilməyən Pərvizin yenidən yarışa qaytarılacağı ilə bağlı iddialara layihənin və telekanalın rəhbəri Acun Ilıcalı cavablandırıb.

Yarışın aparıcısı və rəhbəri olan Acun dünən şəxsi "instagram" hesabından canlı yayım edib. Aparıcıya canlı yayım zamanı ünvanlanan sualların çoxu da məhz azərbaycanlı idmançı ilə bağlı olub. Onun yenidən eyni sezonun yarışına qaytarılmayacağı məlum olub. Acun Pərvizin geri qaytarılmasının mümkünsüz olduğunu bildirib. Onun ardınca Pərviz də canlı yayım açaraq bu mövsümlük "Survivor" macərasının onun üçün bitdiyini, lakin, "AllStar" komandasının tərkibində qarşıdakı illərdə sözügedən yarışda daha güclü şəkildə iştirak etmək üçün çalışacağını sözlərinə əlavə edib.