İkboksinq üzrə məşhur azərbaycanlı idmançı Pərviz Abdullayevin Türkiyənin TV8 kanalında yayımlanan "Survivor" yarışmasından ayrılması böyük səs-küyə səbəb olub.
Offsideplus.az xəbər verir ki, "Kobra" Pərviz ləqəbi ilə tanınan idmançı yarışmadan ayrıldıqdan sonra ilk dəfə bu haqda danışıb.
O, şəxsi "facebook" hesabından ona dəstək olan insanlara minnətdarlığını bildirib:
"Bütün məni sevən, mənə dəstək olan hər kəsi salamlayıram. Çoxdandır arzusunda olduğum "Survivor” yarışması mənim üçün gözəl bir macəra oldu. Yarışmada keçirdiyim zaman ərzində siz həmvətənlərimin və türk qardaşlarımın dəstəyini daim hiss etdim. Mənə qarşı olan daimi inamınızı bacardığım qədər doğrultmağa çalışdım, həm orada göstərdiyim performansla, həm də xarakterimlə. Orada türk dostlarımın mənə qarşı olan hörməti və sizin sevginiz sayəsində özümü heç də qəriblikdə hiss etmədim. Bunu bir daha gördüm ki, bütün addımlarımda mənə hər zaman dəstək olan, uğuruma sevinən, iki dövlət bir millət olaraq Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var. Bu yarışma mənə yaxşı dostlar qazandırdı. Onlara da yarışmada və şəxsi həyatlarında uğurlar arzulayır və bütün "Survivor" kollektivinə minnətdarlığımı bildirirəm. Siz əziz həmvətənlərimə də qəlbinizlə daim yanımda olub məni dəstəklədiyiniz üçün çox təşəkkür edirəm!”