La Liqa prezidenti Xavyer Tebas “Barselona” və “Real Madrid” ətrafında yaranan hakim qalmaqalı ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Tebas bildirib ki, “Barselona”nın keçmişdə atdığı addımlar düzgün olmayıb və bu məsələnin araşdırılması üçün ilk müraciət edən tərəf məhz La Liqa olub:
“O dövrdə ‘Barselona’nın etdiyi uyğun deyildi və biz bu məsələnin araşdırılması üçün ilk olaraq Prokurorluğa müraciət etdik.”

Lakin La Liqa rəhbəri bu hadisə ilə hazırkı hakim qərarları arasında əlaqə qurulmasını qətiyyən qəbul etmədiyini vurğulayıb:
“Amma ‘Real Madrid’in bugünkü penaltilərin həmin məsələyə görə verildiyini iddia etməsi tamamilə fərqli bir mövzudur. Burada böyük fərq var.”

Tebas, həmçinin, hakimlər ətrafında yaranan gərginliyin süni şəkildə artırıldığını deyib:
“Bu hakim gərginliyi bütün həftəsonu ‘Real Madrid’in televiziya kanalı və klub prezidentinin açıqlamaları vasitəsilə qızışdırılıb. Onlar hazırda çox çaşqın vəziyyətdədirlər.”

Sonda isə o, bu prosesdə vasitəçi rolunu üzərinə götürməyin mümkün olmadığını qeyd edib:
“Mən də hücumların hədəfindəyəm, ona görə də bu vəziyyətdə vasitəçi olmaq üçün ən uyğun şəxs deyiləm.”

Qeyd edək ki, son günlər La Liqada hakim qərarları ətrafında mübahisələr xüsusilə “Real Madrid”in narazılığı fonunda daha da kəskinləşib.