"Real Madrid"in əfsanəvi futbolçusu Luka Modriçin klubdakı karyerası başa çatır.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı xorvatiyalı yarımmüdafiəçi komandada daha bir mövsüm qalmaq istəsə də, ona yeni müqavilə təklif olunmayacaq.
Bildirilir ki, baş məşqçi Xabi Alonso Modriçin təcrübəsini və liderlik keyfiyyətlərini yüksək qiymətləndirərək onun komandada saxlanılmasını istəsə də, son qərarı klub rəhbərliyi verib və bu qərar mənfi olub.
Beləliklə, qarşıdan gələn şənbə günü "Real Sosyedad"la keçiriləcək oyun Luka Modriçin "Real Madrid"in heyətindəki son oyunu ola bilər.
Bu qərar futbolçunun özü üçün böyük məyusluq yaradıb. O, daha bir il "Santyaqo Bernabeu"da çıxış etməklə formada qalmaq və 2026-cı il dünya çempionatında Xorvatiya millisinin heyətində iştirak etməyi planlaşdırırdı. İndi isə karyerasını davam etdirmək üçün yeni klub axtarmağa məcbur olacaq.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real Madrid"in formasını geyinir. O, bu müddət ərzində klubun heyətində 600-ə yaxın rəsmi oyunda iştirak edib, 6 dəfə UEFA Çempionlar Liqasının qalibi olub və "kral klubu" tarixinin ən uğurlu futbolçularından birinə çevrilib.



