İspaniya nəhəngi "Atletiko Madrid" mövsüm sonunda ulduz futbolçusu Antuan Qrizmannın komandadan ayrılacağını (ABŞ-nin "Orlando Siti" klubuna transferi gözlənilir) nəzərə alaraq, onun yerini doldurmaq üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəfi isə "Borussiya Dortmund"un təcrübəli yarımmüdafiəçisi Yulian Brandtdır.
Brandtın "Borussiya Dortmund" ilə olan müqaviləsi 30 iyun 2026-cı il tarixində başa çatır. Almaniya klubu artıq rəsmi olaraq Brandt ilə yeni müqavilə imzalanmayacağını və oyunçunun mövsüm sonunda azad agent kimi komandadan ayrılacağını təsdiqləyib.
"Atletiko Madrid" bu transferi heç bir transfer haqqı ödəmədən reallaşdırmaq fürsətinə sahibdir. Klubun idman direktoru Mateu Alemanynin bu transferdə maraqlı olduğu bildirilir.
Brandt üçün təkcə "Atletiko Madrid" deyil, həmçinin İngiltərənin "Arsenal" və Türkiyənin "Fənərbaxça" kimi klublarının da dövrədə olduğu iddia edilir.
İspan mətbuatının yazdığına görə, 29 yaşlı alman pleymeyker Dieqo Simeonenin oyun sisteminə ən uyğun namizəd hesab olunur. Brandt həm hücumun mərkəzində, həm də cinahlarda oynamaq qabiliyyəti ilə Qrizmannın ideal xələfi kimi görülür.
Brandt bu mövsüm "Borussiya Dortmund" forması ilə bütün turnirlərdə 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


