İlk dəfədir ki, yazımda kobud ifadələr işlədəcəm.

Çünki çox gərginəm. Uşaqlıqdan bizə öyrədiblər ki, yıxılana balta vurmazlar. Jurnalist kimi fəaliyyətə başlayandan bəri isə idmanın sülhə çağırış, sağlamlıq olduğunu əsas götürmüşəm. Lakin indi çox əsəbiyəm. Çünki anlayıram ki, yuxarıda sadaladığım məqamlar elə ancaq azərbaycanlılar üçündür.

Parisdə Olimpiya Oyunları davam edir. Bu gün idmançımız Qaşım Maqomedov 58 kq çəki dərəcəsində uğurlu çıxış edərək finala vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi cənubi koreyalı Park Tae-Jun idi. Qasım döyüşün əvvəllərində zədələndi. Lakin idmançımız ağrılar içində qıvrılmasına baxmayaraq, mübarizəyə davam etdi. Qaşım əsl azərbaycanlı xisləti göstərərək təslim olmadı. Rəqib isə öz "mədəniyyətini" nümayiş etdirdi. Zədəli rəqibinə ardıcıl zərbələr endirdi. Bəli, başa düşürəm. Olimpiadada qələbə qazanmaq bütün idmançıların istəyidir. Lakin zədədən əziyyət çəkən rəqibə güc göstərmək kişiliyə yaraşmayan hərəkətdir. Cənubi koreyalı Qaşımın cəsarəti, qorxusuzluğu qarşısında sındı. Bəlkə də Park Tae-Jun tarixə olimpiya çempionu olaraq adını yazdırdı. Lakin bütün dünya onu zədəli rəqibinə yıxılan yerdə təpik atan biri kimi xatırlayacaq.

Qaşım isə mübarizliyi ilə qəlblərin, bütün Azərbaycanın çempionudur. Ümid edirəm ki, idmançımız tezliklə zədəsini sağaldacaq. Özündə güc toplayaraq yenidən beynəlxalq yarışlara qatılacaq. Arzu edirəm ki, Qaşım ya Dünya Çempionatında, ya hansısa "Qran-pri"də, ya da elə növbəti Olimpiya Oyunlarında bu koreyalı ilə yenidən üz-üzə gəlsin. Onda azərbaycanlı əsl kişi kimi döyüşməyin nə olduğunu əclaf rəqibinə göstərəcək. Təbii ki, idman prinsipləri çərçivəsində...