Bu gündən etibarən yığmamız Macarıstanda təlim-məşq toplanışına start verib.

Millimiz burada Albaniya və Qazaxıstanla yoxlama görüşləri keçirəcək. Bu səfərə AFFA tərəfindən dəvət olunanda sevindim. Çünki heç vaxt yığma ilə birgə hansısa ölkəyə yollanmamışdım. Həmişə düşünürdüm ki, görəsən, futbolçular belə səfərlərdə nə edirlər? Məsələn, Emin Mahmudov Bəhlulla nə danışır? Yığmanın üzvlərinin jurnalistlərə davranışı necə olur?

5 iyun, saat 14:00. Heydər Əliyev adına Beynəlxalq hava limanındayam. Hələ futbolçular gəlməyib. AFFA nümayəndələri və həmkarlarımla görüşüb, bir qədər söhbət etdikdən sonra yollanıram yoxlanışa. Bir qədər sonra U21 yığmamızın üzvlərinə rast gəldim. Onlar da bizimlə Avstriyayanın Qraz şəhərinə gedib, oradan da Slovakiyaya yollanacaqdılar. Saat 14:30-da əsas yığmanın üzvləri, məşqçiləri gəlməyə başladı. Açığı, onların media nümayəndələri ilə münasibəti məni yaxşı mənada təəccübləndirdi. İlk dəqiqələrdən hiss olunurdu ki, bizi maraqlı səfər gözləyir.

Saat 16:00-da təyyarə yerindən tərpəndi. Bizi 4 saatlıq səfər gözləyirdi. 1 saat ərzində Macarıstanda nə işlər görəcəyimi planlaşdırdıqdan sonra başladım futbolçularla söhbətləşməyə. Rəşad Əzizli, Rza Cəfərov, Yusif İmanov bir yerdə əyləşmişdilər. R.Əzizli məni görən kimi gülərək dedi: "Yaz ki, "Qarabağ" mənimlə maraqlanır". Təbii ki, cavabım gecikmədi: "Sən bu xəbəri oxusan, inanarsan?" Digər futbolçular da buna gülüşdülər. Sonra başladıq hakimlikdən, ölkə futbolunda olan problemlərdən danışmağa, söhbətləşməyə. 

Bir müddət sonra Emin Mahmudovla Anton Krivotsyuka yaxınlaşaraq yarı zarafat, yarı ciddi soruşdum: "Kapitan, Antonu razı salırsan ki, "Neftçi"yə gəlsin?" Eminin cavabı da gecikmədi: "Sən canı, mən onsuz da başı bəlalıyam. Amma Anton gəlsə, sevinərəm". Avstriyaya çatana kimi flaqmanın kapitanı ilə dərdləşdik. Bir daha əmin oldum ki, Emin Mahmudov həm milli, həm də "Neftçi" üçün böyük dəyərdir.

Avstriya vaxtı ilə saat 18:00-da Qraza çatdıq. Ordan da avtobus vasitəsi ilə Macarıstanın Bük qəsəbəsinə yollandıq. 2 saatlıq yoldan sonra "Danubius" otelinə çatdıq. Hələ qəsəbəni gəzmək imkanım olmayıb. Amma oteldə işləyənlərdən öyrəndiyim qədəri ilə burada maraqlı, görməli kilsələr, yerlər var. Amma axşam saat 10-dan sonra heç yer işləmir. Amma yaşıllığın çox olması, Bükün arxitekturası insanı valeh edir.

Biz isə 1 həftəlik buradayıq. Millinin yoxlama görüşlərində yaşananları, mətbuat konfransında baş verənləri ən dəqiqliyi ilə diqqətinizə çatdıracağıq...

Medianın səfərə çıxmaqda göstərdiyi dəstəyə görə "Misli"yə təşəkkür edirik.