Bəzi anlar olur ki, onları sözlə ifadə edə bilmirsən. Hazırda həmin məqamı yaşayıram. Beynimdə milyon dənə fikir var. Amma onları yazıya çevirə bilmirəm.

 
Uşaqlıq illərimə qayıtmaq istəyirəm. Nərimanovda Qarabağın müxtəlif yerindən məcburi köçkün gələnlərin yerləşdiyi yarımçıq binada yaşayırdım. Özümüzü dərk edəndən 178 saylı orta məktəbin həyətində futbol oynamışıq. Bizim binada bir xeyli azyaşlı, yeniyetmə və gənc oğlan var idi. Elə olurdu ki, mərtəbələrə uyğun komandalar quraraq çempionat keçirirdik. Kollektivlərə də "Qalatasaray", "Beşiktaş", "Fənərbağça", "Yuventus" və s. adlar təklif olunurdu. Dəfələrlə təmsil edəcəyimiz komandalara milli adlar təklif etsəm də, irəli sürdüyüm bütün seçimlər rədd edilirdi. Reaksiyalar isə eyni idi: "Əəəə, bizdə futbol var?"
 
2024-cü ilin 16 fevralı "Qarabağ" Avropa Liqasının pley-offunda "Braqa" səfərində 69-cu dəqiqədə hesabı 1:4 edir. Şərhçi Şəmsəddin Abbasov deyir ki, portuqaliyalı azarkeşlər "ağ bayraq qaldırıb". Bu, fantastika idi. Liqasında cəmi 10 komanda olan, ölkəsi Avropa və Dünya Çempionatlarının əsas mərhələsində iştirak etməyən klub qitənin futbol/iqtisadiyyat baxımdan nəhəng dövləti olan Portuqaliya kollektivinə dərs keçdi.
 
Bu, təkcə "Qarabağ"ın qələbəsi deyildi. Yeni Azərbaycanın futbol baxımından cücərən ümidləri idi. 90-larda böyüyən və ölkəsinin çempionatına baxan, öz klublarına azarkeşlik edən minlərlə insanın qələbəsi idi.  Bu, "Azərbaycanda futbol var?", - deyə sual verənlərin sakitcə "ağ bayraq qaldırması" idi.
 
İLKİN SULTANLI