"Zirə"nin oyunu bu hesaba layiq deyildi".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Aslan Kərimov Konfrans Liqasının pley-off mərhələsində baş tutan "Omoniya"-"Zirə" görüşü haqqında danışarkən bildirdi.

Mütəxəssis buraxılan qollar zamanı futbolçuların yol verdikləri səhvlərdən danışdı:

"Oyundan öncə rəqibin nə qədər güclü olduğu təxmin olunurdu. "Zirə"nin təcrübəsizliyi qarşılaşmanı sonda belə bir hesaba gətirib çıxardı. Təmsilçimizin oyunu 6:0 hesablı məğlubiyyətə layiq deyildi. Sadə səhvlərdən dolayı buraxdığımız qollara görə fərq altı topa qədər yüksəldi. Birinci qola baxdığımız zaman görürük ki, dayaq yarımmüdafiəçimiz topu ram etmək istəyərkən rəqibə cərimə zərbəsi qazandırır və qol buraxırıq. İkinci qolda künc zərbəsi olan zaman qapıçımızın adi vəziyyətdə səhvinə görə penalti təyin olunur. Daha sonra qolun birində Ruan Renato topu uzaqlaşdıra bilmir, ardınca Fuadın ayağı ayağına ilişir. Bu yeniyetmə futbolunda olan səhvlərdir. Belə xətalara yol verirsənsə və qarşında yarımmüdafiəsi, hücumu mobil olan komandadırsa, yanlışlarını bağışlamır".

A.Kərimov "Omoniya"nı "Qarabağ" ilə müqayisə etdi:

"Oyun baxımından demək olmazdı ki, 6:0 hesabı ilə bitəcək qarşılaşmadır. "Omoniya" tamamilə legionerlərdən qurulmuş komandadır. Bu klub hətta "Qarabağ" ilə rəqabət apara biləcək səviyyədədir. Belə bir rəqibə qarşı kobud səhvlərə yol verdikdə sonu ağır nəticələnir".