"Komandamızın mərhələni keçəcəyinə inanıram". 

Bu sözləri Offsideplus.az-a açıqlamasında Ağasəlim Miracavadov "Omoniya"-"Zirə" qarşılaşması haqqında danışarkən bildirdi.

Mütəxəssis "qartallar"ın oyuna tam hazır olduğunu düşünür:

"Bu oyun kubokun finalına bənzəyir. "Zirə" üçün son mərhələdi. Bu tura kimi komanda çox zəhmət çəkdi. Qazanılan qələbə zəhmətin bəhrəsini verəcək. "Qartallar"ın oyuna hazır olduğunu düşünürəm. Komandada güclü xarakter, böyük istək var. Bu amillərin hesabına təmsilçimizin iki oyunun nəticəsində mərhələni keçəcəyinə inanıram".

Mütəxəssis "Zirə"nin mümkün qədər az səhvə yol verməli olduğunu qeyd etdi:

"Futbolçularımız müdafiədə sakit oynamalı, diqqətli olmalıdır. "Osiyek" orta səviyyəli klub idi. Amma, "Zirə"nin həmin oyunda kobud səhvləri oldu. Rəqib 2 qol vurdu, hələ daha 2 top da vura bilərdi. Avropada bu səhvləri bağışlamırlar. Bakıya dönəcəkləri hesab baxımından bu gün baş tutacaq oyun çox vacibdir. "Zirə" orta xətti gücləndirməlidir ki, orda çox top saxlayıb yaxşı hücumlar qura bilsin. Qəsəbə təmsilçisinin keyfiyyətli hücumçuları, qol vurmağı bacaran oyunçuları var".