"Omoniya" 1948-ci ildə yaradılıb. Klub Kiprin paytaxtı Nikosiyanı təmsil edir. Komanda oyunlarının 22859 nəfər tutuma malik olan "GSP Stadium"da keçirir. Paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskasdır.

Rəqib ölkəsinin ən uğurlu komandalarından biridir. Çempionluq sayına görə yalnız APOEL-dən geri qalır.  "Omoniya" 21 dəfə ölkə çempionu, 16 dəfə kubokun sahibi, 17 dəfə Super Kubokun qalibi olub. Klub 5 "dubl"a və 3 "trebl"a imza atıb. Heç vaxt ikinci liqaya düşməyən üç komandadan biridir. Sonuncu dəfə 4 il öncə ölkə çempionu olub. 

Kipr təmsilçisi ötən mövsüm istisna olmaqla ardıcıl 3 il avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Bunlardan ikisi Avropa Liqasına, biri isə Konfrans Liqasına təsadüf edir. "Omoniya" tarixində ilk dəfə 2020/21 mövsümündə Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. PSV (Eyndhoven), PAOK və "Qranada" ilə eyni qrupda yer alan komanda mərhələni 4 xalla sonuncu pillədə başa vurub. PSV (Eyndhoven)ə qarşı oyunda 56 metr məsafədən fərqlənən kapitan Cordi Qomez Avropa Liqasında ən uzaq məsafədən vurulan qola imza atıb. Klub 2021/22 mövsümündə Konfrans Liqasının qrup mərhələsinə yüksəlib. Burda "Bazel" və "Kayrat"la yanaşı təmsilçimiz "Qarabağ"a da rəqib olub. İlk oyunda Kiprdə komandamıza 4:1 hesabı ilə məğlub olan kollektiv Bakıdan iki qollu bərabərliklə qayıdıb. "Kayrat"la hər iki görüşdə qolsuz heç-heçəyə razılaşan kiprlilər "Bazel"dən də bir xal almağı bacarıblar. Beləliklə, qrupu dörd xalla üçüncü pillədə bitiriblər. Növbəti il təkrar Avropa Liqasının qrupuna vəsiqə əldə ediblər. Buna "Gent"ə ümumilikdə dörd cavabsız qol vurmaqla nail olublar. "Mançester Yunayted", "Real Sosyedad" və "Şerif" ilə eyni qrupda mübarizə aparıblar. Bütün oyunlarda məğlub olan "Omoniya" qrupu sonuncu pillədə başa vurub. 2023/24 mövsümündə Konfrans Liqasının II Təsnifat mərhələsində təmsilçimiz "Qəbələ"ni ümumi hesabda 7:3 məğlub etməklə mərhələ adlasalar da "Midtyullan" (2:5) ilə bacarmayıblar. 

"Omoniya" ötən mövsüm liqalarını 5-ci pillədə bitirib və ölkə kubokunu qazanıb. Konfrans Liqasına II Təsnifat mərhələsindən başlayıb və "Torpedo Kutaisi"dən (5:2) üstün olublar. Növbəti turda "Sumqayıt"ı mübarizədən kənarlaşdırmış "Fehervar"ı (3:0) məğlub edərək "Zirə"yə rəqib olublar. Bu "Qarabağ" və "Qəbələ"dən sonra "Omoniya" ilə təmsilçilərimizin üçüncü qarşılaşması olacaq. Bu duellərdən "köhlən atlar" qalib ayrılsa da "qırmızı-qaralar"ımız məğlub ayrılıb. Ümid edək ki, "Zirə" üstünlüyü bizim tərəfimizə keçirəcək.

Qeyd edək ki, rəqib komandanın dəyəri 20.85 milyon avrodur. Heyətin ən bahalı futbolçusu 2 milyon avro dəyəri olan Omer Atzilidir.